Bütün dünyada olduğu kimi, Azərbaycanda da köklüklə mübarizə aparmaq üçün daha çox dərman preparatlarından istifadə olunur. Apteklərdə də bu faktı təsdiq edirlər.
Həkimlər dərman preparatlarından kor-təbii istifadəni qəbuledilməz hesab edirlər. Çünki bu, əks-effekt verə bilər.
Mütəxəssislər artıq çəki ilə mübarizə aparmaq üçün dərman vasitələrindən istifadə etməyə hazırlaşanları həkimlə məsləhətləşməyi tövsiyə edirlər.
Arıqlamaq üçün dərman vasitələri bəzən effektiv təsir göstərsə də, sonradan atılan çəki artıqlaması ilə geri qayıda bilər.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov HİT.az-a deyib ki, kökəlmənin əsas səbəblərindən biri adinamiyadır. İnsanlar gündəlik eləməli olduqları fiziki işi görmürlər. Oturaq həyat üstünlük təşkil edir. Gün ərzində isə yüksək kalorili qidalar qəbul edirlər. Bu qidalar da hərəkətlə sərf olunmayanda, orqanizmə piy şəklində toplanır. Qida rasionunda şirin qidaların normadan artıqlıq təşkil eləməsi də orqanizmdə piylənmənin daha da artmasına səbəb olur. Eyni zamanda müxtəlif yağlı, ədviyyatlı ayaqstü qidalar da bu prosesi sürətləndirir:
“Bəzən isə müxtəlif qidalar lazımi keyfiyyət tələblərinə cavab vermirlər. Onların tərkibindki artıq maddələr insan orqanizminin maddələr mübadiləsini pozur. Su, duz, yağ, zülal, karbohidrat mübadilələrinin düzgün getməməsi piylənməyə gətirib çıxarır. Son vaxtlar bu fəlakət nəinki böyüklərdə, eyni zamanda azyaşlılarda da müşahidə olunur. Gərək valideynlər belə uşaqlarda idman eləməyə meyl oyatsınlar. Eyni zamanda uşaqların çox sevdikləri şirnidən də onları məcburi də olsa uzaqlaşdırmaq lazımdır. Ümumən isə, insanlar arasında ciddi maarifləndirmə işləri aparılmalıdır ki, insanlar nəyə məruz qala biləcəklərini, nə ilə qarşılaşacaqlarını bilsinlər. Onu biləndən sonra ola bilər ki, bəlkə də öz sağlamlıqları üçün narahat olmağa başlayarlar".
Sevinc