Azərbaycanda cərrahi müdaxilə ilə doğulan uşaqların sayı artır. Açıqlanan statistik rəqəmlər bunu təsdiq edir.
Qeyd edək ki, ana olmağa hazırlaşan əksər qadınlar övladını təbii yolla deyil, qeysəriyyə yolu ilə dünyaya gətirir.
Qeysəriyyə tək anaya deyil, eyni zamanda dünyaya gələn körpəyə də mənfi təsir göstərir.
Həkim-ginekoloq Pərvanə Mustafayeva Hit.az-a açıqlamasında deyib ki, uşaqlıq ciftinin vaxtından əvvəl ayrılması halı təcili olaraq hamiləliyi sonlandırmaq qərarı vermək üçün əsasdır:
"Qeysəriyyə əməliyyatları əksər hallarda ana və uşağın həyatına təhlükə yaradacaq hallar, xəstəliklər nəzərə alınaraq aparılır. Ana olmağa hazırlaşan qadınların xəstə olması burada mühüm əhəmiyyət kəsb edir. Bu xüsusilə infeksion xəstəliklərin sayının çox olması ilə bağlıdır. Ana və uşağın həyatına təhlükə yaradacaq hallar, xəstəliklər qeysəriyyə əməliyyatlarının sayının artmasına səbəb olur".
Həmsöhbətimizin sözlərinə görə, bəzi həkimlər uşağın tam formalaşmadığını bilə-bilə ananı qeysəriyyə əməliyyatı edirsə, bu düzgün deyil:
"Çünki uşaq tam formalaşmadan onu bətndən azad etmək düzgün deyil.Uşaq tam formalaşmamış ana bətnindən azad olunarsa, körpənin səhhətində müəyyən problemlər yarana bilər. Belə ki, öncə uşaqda tənəffüs, daha sonra sinir sistemi problemləri yaşana bilər. Eyni zamanda, ürək-damar, mədə-bağırsaq və s. sistemlərində problemlərin yaranmasına səbəb olur. Unutmaq lazım deyil ki, axtından tez dünyaya gələn uşaqlarda inkişaf gec gedir. O uşaqlar digərləri ilə müqayisədə həyata daha gec adaptasiya olur. Onların yaddaşı da zəif olur".
Sevinc