Xarici dil kursları dil öyrədə bilirmi?

19:41 / 05.03.2024
343

XXI əsr azərbaycanlısı üçün ingilis dili və kompüteri bilmədən normal iş yeri tapmaq az qala qeyri-mümkünə çevrilib. 

Hansı normal iş yeri üçün müraciət etsən, dil baryeri insanın qarşısını kəsir.

Onu da qeyd edək ki, xarici dil bilmək təkcə gələcəkdə perspektivli iş arzulayan gənclərə deyil, həm də iqtisadiyyat, hüquq, İT texnologiyaları və s. sahələrdə çalışan iş adamlarına lazımdır.

Müxtəlif peşə mütəxəssisləri xarici dil bilməklə dünyanın aparıcı təhsil ocaqlarından birində təhsil ala və ya iş təcrübəsi qazana bilərlər. 

Ona görə də xarici dil kurslarının qapılarını, demək olar ki, hər kateqoriyadan olan insanlar döyür.

Bu gün Bakıda yüzlərlə xarici dil kursu fəaliyyət göstərir. Bir tərəfdən də sayları durmadan artır. Ancaq bu kursların keyfiyyəti sual altındadır.

Dil mütəxəssisi Dilbazi Əliyeva Hit.az-a qeyd edib ki, əksər kurslarda dil öyrənən tələbələr heç də yüksək səviyyəli korporasiyalarda iş tapmağa layiq olmurlar. 

Onun sözlərinə görə, onlar ən yaxşı halda, gündəlik danışığı, söhbət səviyyəsini mənimsəyir:

"Təsəvvür edin ki, yüksək səviyyədə dil öyrətmək üçün Xarici Dillər Universitetində tələbələr 4 il dərs keçirlər. Linqvistika, sinxron tərcümə və sair kimi dil bilgilərinə yiyələnirlər. O tələbələrin 4 ilə öyrəndiklərini hansısa kurs 6 aya öyrədə bilərmi? Bu mərkəzlərdə şifahi nitqin inkişafı üçün az yer verilir. Amma əksinə, dili inkişaf etdirmək üçün şifahi nitq çox önəmlidir. Tələbələr dil bilgisini inkişaf etdirmək üçün hətta xaricə təcrübəyə göndərilməlidirlər. Ona görə də mən dil öyrənmək istəyənlərə peşəkar müəllimlərə müaciət etməyi məsləhət görərdim. Hər hansı kursda vaxt öldürməkdənsə, peşəkar mütəxəssis yardımından yararlansınlar".

Sevinc

0