Ermənistan KTMT-dən çıxsa, Rusiya bu addımı atacaq

ÖLKƏ
16:43 / 06.03.2024
335

"Düşünürəm ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, Rusiyanın cavabı kifayət qədər sərt olacaq".

Bu sözləri Hit.az-a açıqlama verən politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, Ermənistanın KTMT-ni tərk etməsi daha sonra Rusiya üçün əlavə problemlər yaradacaq:

"Ermənistan daha sonra Rusiyanın hərbi bazasının Gümrüdən çıxarılmasını və sərhədlərinin mühafizəsini rusların əlindən almaq istəyəcək. Bu isə faktiki olaraq Rusiyanın Cənubi Qafqazı itirməsi və öz müdafiə xəttini Şimali Qafqaza çəkməsinə səbəb ola bilər. Aydın məsələdir ki, Kreml buna qarşı ciddi müqavimət göstərəcək".

345214

Ekspertin fikrincə, Rusiya Ermənistanın KTMT-dən çıxmaq yönündəki davranışlarına görə Baş nazir Nikol Paşinyanı devirməyə çalışacaq:

"Belə olan halda Rusiya ölkəsindəki erməni diasporunun əli ilə Ermənistandakı müxalifəti təşkilatlandıracaq. Həmçinin, Ermənistandakı müxalifəti bir araya gətirməklə Paşinyana qarşı müqavimət yaratmağa çalışacaqlar. Siyasi təzyiq, iğtişaşlar, etiraz aksiyaları, dövlət çevrilişi və hətta vətəndaş müharibəsi kimi addımlar da atıla bilər".

Politoloq Rusiyanın Ermənistana hərbi müdaxilə edəcəyi ilə bağlı ehtimala da toxunub:

"Rusiyanı açıq şəkildə Ermənistana girərək, oranı işğal edəcəyinə inanmıram. Çünki Kreml indiki halda bütün dünyanın diqqətinin Ukrayna müharibəsindən kənarlaşmasını istəyir. Eyni zamanda, Kreml dünya ictimaiyyətinin Ukraynada atəşkəsə razı olmasını istəyir. 

Belə bir vəziyyətdə, Rusiyanın Ermənistana hücum edərək əlavə cəbhə açması onun üçün daha çətin ola bilər. Rəsmi Moskva isə Qərbdəki blokun parçalanmasını və Rusiyaya qarşı təzyiqin azalmasını istəyir. Putin Avropa İttifaqı ilə ABŞ arasında fikir ayrılığı yaratmağa və bundan istifadə etməyə çalışır. 

Hesab edirəm ki, Rusiya Ermənistana qarşı əsaslı bir hücum, işğal və ya hərbi əməliyyat üçün ən azından Ukrayna müharibəsi bitənə qədər gözləyəcək. Amma Ermənistan KTMT-ni tərk etməsinin qarşısını almaq üçün bütün addımları atacaq".

Pərviz

0