Xəstələrin narkoz qorxusu

ÖLKƏ
19:52 / 06.03.2024
494

İnsanların əksəriyyəti onlara cərrahiyyə əməliyyatı təyin olunduqda əməliyyatdan çox narkozdan qorxur.

"Birdən mən əməliyyatdan sonra ayılmaram?", "narkozdan çıxmayacağam?" və ya "mən narkozdan sonra əsəbi olacağam?, "mənim yaddaşım pozulacaq?", "narkozsuz əməliyyat etmək mümkündürmü?"

Bu və digər sualları əməliyyata hazırlaşan insanların 90 faizi özünə, ətrafdakılara və həkimlərə verir.

Anestezioloq Şahin Sultanov  Hit.az-deyib ki, cərrahiyyə əməliyyatı yüngül və ağır ola bilər: 

"Elə buna görə də xəstəni ağrılardan azad etmək üçün anesteziyadan istifadə olunur. Bu isə müxtəlif formada baş verir. Narkoz "dərin yuxu" deməkdir. Anesteziya bir neçə formada olunur. Kiçik əməliyyatlarda yerli (lokal) anesteziyadan istifadə olunur ki, bu da yalnız cərrahi müdaxilə olunan hissənin keyidilməsidir. Bu zaman xəstə ayıq olur, sadəcə ağrını hiss etmir. Diş çəkilməsi də buna misal ola bilər. Biri də var ümumi anesteziya və ya ümumi narkoz. Bu isə mərkəzi sinir sisteminin "söndürülməsidir", dərman preparatlarının vena daxilinə yeridilməsi və inqalyasiya vasitəsilə xəstənin süni yatızdırılmasıdır. Bu zaman xəstə istənilən həmlədə belə oyana bilməz. Onun əzələləri boşalır, hissiyyat ölür. Bu vəziyyətdə saxlanma əməliyyatın vaxtına və cərrahların tapşırığına əsasən davam edir. Peşəkar anestezioloq xəstənin sağlamlığı haqqında məlumat toplamalıdır. Hansısa xəstəliyi keçiribmi, hansısa orqanında problem varmı, hər hansı dərman preparatına allergik reaksiyası olubmu və s. Bu məlumatlar həkim-anestezioloq üçün çox vacibdir. Çünki çıxarılan nəticəyə uyğun olaraq xəstəyə narkoz məsləhət görülür. Hər kəsin fərdi orqanizminə, yaşına, çəkisinə, sağlamlıq durumuna görə narkoz verilir".

Sevinc

0