Son günlərdə ölkənin müxtəlif bölgələrində qar yağır.
Bakı və Abşeron yarımadasında isə yağışlı hava müşahidə olunur. Bununla bağlı ən çox cavabı axtarılan sual qış bitmədən paytaxta növbəti dəfə qarın yağıb-yağmayacağıdır.
Görəsən, yaxın günlərdə qış fəslinin son qarı Bakıya düşə bilərmi?
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, bu il qış fəsli qismən mülayim keçdi:
"O baxımdan, qış fəslində ölkəmizdə qarın az yağması və yaxud da Abşeron yarımadasına heç yağmaması bizi təəccübləndirmir. Bu qış az da olsa qar gördük. Hazırda isə paytaxtda və Abşeron yarımadasında havanın temperaturu müsbətdir. Temperatur mənfiyə düşməsə, qar yağma ehtimalı çox az olacaq. Fəqət dağlıq və dağətəyi rayonlarda qarın yağması adi haldır".
Həmsöhbətimiz havanın bundan sonra necə olacağı barədə də danışıb:
"Adətən mart ayında Bakı və Abşeron yarımadasında qar yağmır. Yəni bu, çox nadir baş verə biləcək təbiət hadisədir. Ona görə də yaxın zamanda Bakı və Abşeron yarımadasına qar yağmasını gözləmirəm.
Hazırda qış fəslinin son günlərini yaşayırıq və mart ayında ölkəmizə şimaldan Sibir havası daxil olmur. Yəni ölkəmizə soyuq hava kütləsi daxil olmadığı üçün yaxın zamanda qar yağmasını ehtimal etmirəm".
Pərviz