"Paranoid termini gündəlik həyatda istifadə olunan bir ifadədir. Amma paranoid şəxsiyyət pozuntusu bu problemin tam adıdır".
Bu sözləri EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova Hit.az-a açıqlamasında deyib.
O, paranoid şəxsiyyət pozuntusunun əsas xüsusiyyətlərindən də söz açıb:
"Bunun əsas xüsusiyyəti şəxsin digər insanlardan əsassız və davamlı şəkildə şübhələnməsi, eləcə də onlara inamsızlıqla yanaşmasıdır. Paranoid şəxsiyyət pozuntusundan əziyyət çəkən insanlar güvən əskikliyini və şübhə hissini şiddətli şəkildə yaşayırlar.
Buna görə də başqalarının onlardan istifadə edəcəyi və hətta onlara zərər verəcəyi düşüncəsi daimi olaraq zehinlərini məşğul edir. Nəticədə, sözügedən xəstəlikdən əziyyət çəkən şəxslər davamlı şəkildə tədbirli və diqqətli olmağa çalışırlar".
Psixoloq bildirib ki, bütün psixoloji pozuntularda olduğu kimi paranoid şəxsiyyət pozuntusu da həyat keyfiyyətini ciddi şəkildə aşağı düşür:
"Paranoid şəxsiyyət pozuntusundan əziyyət çəkən insanlar ailə və sosial mühitdə sağlam ünsiyyət qurmaqda çətinlik çəkirlər. Əlbəttə bu da onların münasibətlərinin pozulmasına gətirib çıxarır.
Həmçinin, sözügedən şəxslər həyatlarına aid hər hansısa bir məlumatı paylaşmaq istəməzlər. Çünki güvən problemi yaşayırlar. Ona görə də danışdıqlarının onların əleyhinə istifadə edilə biləcəyinə inanarlar. Üstəlik, həmin insanların şübhələri sədaqətsizlik istiqamətində də ola biləcəyi üçün ciddi problemlərə səbəb ola bilir".
Ayşən Bayramova sözügedən problemin yaranma səbəblərini isə belə izah edib:
"Paranoid şəxsiyyət pozuntusunun yaranma səbəbi kimi əsasən, genetik amillər, çevrə faktoru, fiziki və duyğusal travmalar göstərilir. Lakin buna baxmayaraq, onun yaranma səbəbi tam olaraq müəyyən edilməyib. Ümumiyyətlə, bu pozuntudan əziyyət çəkən şəxslərə problemlərindən dolayı empatik yanaşılması olduqca vacibdir.
Çünki insanın dediyi şeylərə verilən ani reaksiyalar həm onu, həm də ətrafdakıları riskə ata bilər. Lakin onları anlamağa çalışmaqla kifayətlənmək olmaz. Paranoid şəxsiyyət pozuntusundan əziyyət çəkənləri mütləq şəkildə professional yardım almağa təşqiv etmək lazımdır".
Pərviz