Fala inanma, faldan da qalma" prinsipi ilə taleyini öyrənmək üçün falçılara üz tutanlar az deyil.
Falçıların fırıldaqçılıqla məşğul olması, insanlara vəd verib külli miqdarda pul tələb etməsi kimi hallar dəfələrlə ictimaiyyətə açıqlanıb.
Lakin bəziləri falçının onların gələcəyi ilə bağlı fikirlərinə daha çox önəm verir.
Bunun üçün əlində olan son pulu belə falçıya verməkdən vaz keçmir, yetər ki, istədiyi sözü falçıdan eşitsin.
İndi falçılar da müasirləşərək, öz reklamını sosial şəbəkə üzərindən aparır.
Bu gün "facebook", İnstagram, TikTok səhifəsində onlarla baxıcının reklamı yayılır.
Adətən həmin səhfələrdə bu cür ifadələr qeyd edilir:
1. Küsənləri barışdırıram.
2. Ayrılanları birləşdirirəm.
3. Sevənləri qovuşdururam.
4. Uzaqda olanları qovuşdururam.
5. Boşananları geri qaytarıram.
6. İstədiyin oğlanı sənə bağlayıram.
7. İstədiyin qızı sənə bağlayıram.
8. Arzu olunmayan cütlükləri ayırıram.
9. Arzu olunmayan sevgililəri ayırıram.
10. Pis niyyətlə olunan caduları təmizləyirəm.
11. Sizi ayırmaq istəyənləri pis günə qoyuram.
12. Düşmənlərinizin yolunu bağlayıram.
13. Bəxti bağlı olanların bəxtini açıram.
14. Yolu bağlı olanların yolunu açıram və s…
Qiymət işə görə dəyişir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, cadugərlar çıxış yolunu sosial şəbəkədə tapıb.
Sosial şəbəkələrə nəzarətin olmamasına görə kim nə istəyir yaza və yaya bilir. Təbii ki, avam insanlar da falçıların qurbanına çevrilir:
“Falçı və ya cadugərlərə müraciət edəcək insanlar hər zaman olub və olacaq da. Falçılar əvvəllər televiziya vasitəsilə özlərini reklam edirdi.İndi daha asan şəkildə özlərini reklam edirlər. Unutmaq lazım deyil ki, dində falçıların işi şeytan əməli olaraq qiymətləndirilir. Falçıların bir qismi fırıldaqçıdır, qalanları isə insana neqativ enerji verir”.
Sevinc