Axsaq təhsilin bal yığan şagirdləri

ÖLKƏ
21:55 / 08.04.2024
420

Azərbaycan təhsili deyəndə yada alışıq olduğumuz orta məktəblər və pullu özəl məktəblər  düşür. Amma imtahan nəticələrinə baxılarsa, elə sadə kənd məktəblərindən də yüksək bal toplamış şagirdlər çıxır.

Təhsil eksperti Elçin Cavadlı bildirib ki, istisna hallar hər yerdə var:

"Elə kənd məktəbi var ki, ənənəsi olduğuna görə orada təhsil sistemi qorunub saxlanıb, bu gün də davam edir. Amma ümumilikdə, rayon məktəblərinin göstəricilərinin əhəmiyyətli hissəsi repititor hazırlığı nəticəsində yüksəlib. Oxuyan hər yerdə oxuyacaq" fikri yanlışdır. Kənd məktəblərinin əsas problemlərindən biri müəllimlərin savadlılıq səviyyəsinin aşağı olmasıdır. Kənd məktəblərində dərs deyən müəllimlərin əksəriyyəti Bakıda dərs deməyə hazır deyillər. Hansısa naməlum yollarla, sırf maaş alsın deyə məktəbə "işə düzələnlər"in sayı ciddi dərəcədə çoxdur. Şəhərdə 9-u bitirdikdən sonra ucqar kənd məktəblərinə yerdəyişmə edirlər. Direktorun illik pulu ödənilir, uşaq 1 dəfə də kəndə getmir, Bakıda səhərdən axşamacan hazırlığa repetitor yanına gedir. Nəticə isə kənd məktəblərinin adına yazılır".

Gəlib çatmışıq 2024-cü ilə, təhsilimizin axsaqlıq dərdi düzəlmir ki, düzəlmir. Hələ də peşə, sənət öyrənməyi arxa plana atıb, diplom xəstəliyi yaşayırıq.  Nə qədər ki, alimimizin elmi, kəşfi dünyaya səs salmayıb, görülən işlər kağız üzərində qalıb, demək təhsilimiz, elmimiz ağsaqlıq xəstəliyindən qurtarmayıb demək. 

Qeyd edək ki, çox zaman  yüksək bal yığan şagirdlərimiz  elə pul yığan məktəblərin yetirmələridir, desək yanılmarıq.

Murad

0