Yay gəlmədən isti havalar özünü göstərir.
Artıq dünyanın bir çox ölkəsində havalar həddindən artıq isti keçir. Hətta bəzi ölkələrdə havanın temperaturu astronomik səviyyəyə çatır. Kəskin istidən əziyyət çəkən ölkələrdən biri isə Banqladeşdir. Belə ki, sözügedən ölkədə son bir həftə ərzində anomal istilər səbəbindən ən azı 10 nəfər ölüb. Üstəlik, temperaturun həddindən artıq yüksək olmasına görə məktəblər də bağlanıb.
Bəs bu, bu yayın dünyada əvvəlki illərlə müqayisədə daha da isti olacağından xəbər verir?
"Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib ki, Banqladeş Cənubi Asiya dövlətidir:
"Demək olar ki, yerləşdiyi ərazinin şəraitinə görə qış yaşamayan dövlətlərdəndir. Hal-hazırda orada ilin ən isti vaxtı olduğundan anomal istilərdən söhbət gedə bilməz. Orada 40 dərəcəyə qədər və ya üstündə olan istilik normal sayılır. Eyni zamanda, Banqladeş aylarla musson yağışlarının təsiri altında qalan bir ölkədir.
Lakin oradakı insanların isti havaya görə deyil, həyat şəraitinə görə öldüklərini zənn edirəm. Çünki bu ölkədə ölüm halları istidən, çox vaxt isə musson yağışlarından ola bilir".
Onun sözlərinə görə, bu yayın dünyanın şimal yarımkürəsi və tropik, subtropik zonalarında anomal isti keçəcəyini demək doğru olmaz:
"Bizim də yaşadığımız mülayim suptropik zona hazırda yay fəslindədir. Demək olar ki, bu günə qədər yağıntılar normal qaydada seyr etməkdədir. Son bir neçə günün isti havaları da fəslə uyumludur.
Bəlkə də bu yay ötən yaydan bir az isti ola bilər. Çünki ötən il Bakı və Abşeron yarımadasında havanın temperaturu çox isti keçməmişdi. Ən azından yay fəslinin normal keçməsini diləyirəm".
Pərviz