Zivər bəy Əhmədbəyovun Şamaxıda iki evi olub. Onlardan biri qorunaraq günümüzə qədər saxlanılıb. Ev Zivər bəyin öz layihəsi əsasından tikilib və qış evi kimi istifadə edilib.
Azərbaycanın ən qədim şəhərlərindən olan Şamaxı tarixi yerlərin, eləcədə görkəmli şəxslərinin məskəni kimi tanınmaqdadır. Bir çox görkəmli şəxslərinin adını çəkmək olar ki, onları hətta sərhədlərimizdən kənarda da gözəl tanıyırlar.
Hazırda söhbət açacağımız şəxs də dövrünün ən görkəmli şəxslərindən və ziyalılarından biridir. O, Azərbaycanın ilk ali təhsilli memardır. Bir çox möhtəşəm tiklilərdə onun imzası var. Söhbət Zivər bəy Əhmədbəyovdan gedir.
Zivər bəy 1873-cü ildə Şamaxıda doğulub, ilk təhsilini də məhz Şamaxıda alıb. Şamaxıda ona məxsus iki ev olub ki, onlardan biri qorunaraq günümüzə qədər saxlanılıb.
Həmin ev hazırda şəhərin Şirvanşah İbrahim küçəsində yerləşir. Ev Zivər bəyin öz layihəsi əsasından tikilib və qış evi kimi istifadə edilib.
Hazırda ev sahibi olan Toğrul Eyyublu ev haqqında bildiklərini belə nəql edir: “Ev öz möhtəşəm memarlıq quruluşuna görə digər evlərdən çox fərqlənir. Evin içərisindəki 14 tağ otaqları bir-birindən ayırır və bişmiş kərpicdən hörülüb. Evin 3 pəncərəsi var ki, bunlar da şəbəkə üsulu ilə hazırlanıb və evin interyerinə fərqlilik və gözəllik verir. Evin içərisindəki sütunlar yonulmuş çay daşlarından hazırlanıb. İçərisindəki tağlar o qədər dəqiq işlənilib ki, istənilən nöqtədən baxıldıqda tağların mükəmməl düzülüşün görmək mümkündür”.
O dövrün reallıqları ilə barışmaq istəməyən, tələblərinə boyun əyməyən memar bir çox çətinliklərlə üzləşib. Müasir düşüncəli memar Sovet hakimiyyətin istəkləri ilə razılaşmır və o 1925-ci ildə intihar edir.
Yeni qurulan hökumət ona məxsus bütün mülklərə əl qoyur. Bir müddət boş qalan evi anbar kimi istifadə olunur. Sonradan evdə kimsəsiz bir qadın həm yaşayır, həm də nəzarət edir. Kimsəsiz qadının vəfatından sonra ev 1961-ci ildə Şamaxı sakini Soltanpaşa Eyyubov tərəfindən satın alınır. İllər keçməsinə baxmayaraq ev öz gözəlliyini və tarixi görünüşünü qoruyub saxlayır. Sonra Soltanpaşa kişinin övladı Namiq Eyyubov evi bərpa etmək fikrinə düşür və 2015-2017-ci illərdə ev restavrasiya etdirir.
Hazırda evdə Namiq Eyyublunun ailə üzvləri yaşayır. Toğrul Eyyublu deyir ki, evin içərisi xüsusi şəkildə dizayn olunaraq dekorativ qədim əşyalarla bəzədilib. Evdə dərinliyi 4 metr olan su quyusu var ki, ev sahibi həmin quyudakı sudan bu gün də istifadə edir. Restavrasiya zamanı evin qədimliliyi tam qorunaraq yenidən bərpa olunub.
Onu da qeyd edək ki, Zivər bəy Əhmədbəyov 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib, 1902-1917-ci illərdə Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub. Şamaxıda Cümə məscidini, İmam məscidini, Bakıda Təzə Pir məscidini, Göyçayda Əbülfəzlil Abbas məscidini, Əmircanda isə Murtuza Muxtarov məscidinin memarı məhz Zivər bəy Əhmədbəyov olub.
Əmircanda layihəsini verdiyi məscid hazırda Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.