"İstər evlərdə, istərsə də iş yerlərində elektrik təsərrüfatına ciddi nəzarət edilməlidir".
Bunu təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, elektrik cihazları, avadanlıqları və qurğuları hər zaman nəzarətdə olmalıdır:
"Baş verən yanğınların statistikasına baxsaq görərik ki, qısaqapanmalarda elektrik avadanlıqlarının alışıb yanması və ya elektrik şəbəkəsində baş verən yanğınlar böyük faiz təşkil edir. Ona görə də həm elektrik təsərrüfatı saz vəziyyətdə saxlamaq, həm də elektrik qurğularına daim nəzarət etmək lazımdır".
Mütəxəssis vurğulayıb ki, gecə yatarkən və evi tərk edərdək heç bir cihazı cərəyanda saxlamaq olmaz:
"Gecə yatarkən və ya evi tərk edərkən elektrik cərəyanlarına xüsusi diqqət yetirmək mütləqdir. Həmçinin, azyaşlı uşaqları da elektrik cərəyanının yanında nəzarətsiz saxlamaq təhlükəsizlik baxımından yolverilməzdir.
Ümumiyyətlə, istifadə olunmayan cihazlar cərəyandan ayrılmalıdır. Buraya paltaryuyan və qabyuyan maşınlar, kondisionerlər, eləcə də digər elektrik cihazları aiddir. Həmçinin, mobil telefonları da uzun müddət nəzarətsiz cərəyanda saxlamamaq tövsiyə olunur".
Elmar Nurəliyev qeyd edib ki, evdə elektrik qoruyucuları olmalıdır:
"Onun sayəsində cərəyanda hər hansısa qısaqapanma baş verəndə cərəyan avtomatik olaraq ayrılmalır. Beləliklə, yanğının baş verməsinin qarşısını alır".
Pərviz