1943-cu ildə Azərbaycan bayrağını Qız qalasında qaldıran Cahidin qızı danışdı

ÖLKƏ
11:01 / 28.05.2020
1509

Bu gün Xalq artisti Naibə Allahverdiyevanın doğum günüdür.

Hit.Az xəbər verir ki, aktrisa moderator.az-a açıqlamasında heç vaxt doğum gününü keçirmədiyini və bu gün onda qəribə hisslərin olduğunu bildirib:

“Təbrikiniz üçün çox sağ olun. Adətən doğum günümü keçirmirəm və bir dəfə doğum günümü televiziyada keçiriblər. İndi də bağdayam, dənizin qırağında. Nəsə kədərlənirəm bu gün. Mən Azərbaycan Cümhuriyyətinin qurulduğu gün anadan olmuşam və düşünürəm ki, bəlkə elə ona görə vətənimi bu qədər sevirəm. 28 may mənə ona görə əzizdir ki, atam onda Azərbaycanın bayrağını Qız qalasında qaldırıb. Mənim himayəsində böyüdüyüm atam Cahid Hilaloğlugil gizli təşkilat yaratmışdı və o, 1943-cü ildə Azərbaycan bayrağını öz əlləriylə tikərək Qız Qalasına çıxıb bayrağı qaldıraraq ölkəmizə müstəqillik tələb etmişdi. Ona görə atamı 15 il sürgünə göndərdilər. Atam deyirdi ki, 28 may mənim üçün həm gözəl, həm də 15 il çəkdiyim zülüm günüdür. Ona sürgündə çox əziyyət vermişdilər. Sürgündən qayıdandan sonra atama heç bir teatrda iş vermədilər. Sonra da ona dəli adı qoydular. Bir sözlə, atam işsiz qaldı. Yadıma gəlir ki, bir dəfə polislər onu tutub aparmışdılar və qayıdanda gördüm başını yarıblar. Mənə dedi ki, “qorxma ceyran bala, aslanı yaralayıblar”.

Aktrisa karantin rejimindən də danışıb və ağır günlər keçirdiyini bildirib:

“Karantin rejimini mən də hamı kimi evdə keçirdim, dövlətin qoyduğu qaydalara əməl etdim. Amma bununla yanaşı, çox darıxdırıcı günlər keçirdim. Mən havanı sevən adamam, hər gün 1-2 saat havada gəzməsəm, özümü piss hiss edirəm. Çox stress keçirdim dedim ki, axırımız gəldi. Bu mənə çox təsir etmişdi, dəhşətli qorxu gəlmişdi mənə. Bütün günü sosial şəbəkələri izləyirdim, qaydalara əməl etməyənlərə əsəbiləşirdim. Qorxurdum ki, yaxınlarımdan kiməsə nəsə olar”.

0