Son zamanlarda dünyanın bir çox ölkəsində astronomik səviyyədə istilər müşahidə olunur.
Hətta bəzi ölkələrdə 40 dərəcədən də yüksək temperatur qeydə alınıb. Çox təəssüf ki, dəhşətli istilər bir çox ölkəkərdəki insanların halının pisləşməsinə və ölümlərə səbəb olub. Azərbaycanda da havanın temperaturunun anidən sürətli şəkildə yüksəlməsi bir az narahatlığa səbəb olub.
Bəs bu yay ölkəmizdə 40 dərəcənin üzərində astronomik istələrin yaşanma ehtimalı var?
"Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, aprel ayının bizim yerləşdiyimiz qurşaqda Qərbdən Şərqə doğru hər yerdə isti və quraq keçdiyinə şahid olduq:
"Mayda isə Qərbdən daxil olan soyuq və yağıntılı havalar sayəsində ay boyu sel, sürüşmə, ildırım, dolu yağışı, hətta dağlıq və dağətəyi ərazilərdə qar yağışı hər kəsi narahat etdi. Bəzi professionallıqdan uzaq olan media orqanları da bunu “indiyə qədər belə hal olmayıb. Bu, iqlim dəyişikliyinin nəticəsidir”, - deyə tirajladılar. Bununla da insanlarda daxili narahatçılıq yarandı".
Lakin həmsöhbətimiz vəziyyətin fərqli olduğunu diqqətə çatdırıb:
"Biz isə bunun tsiklik olan mövsümü nadir yağıntılar olduğunu söylədik. Eyni zamanda, Günəşdə baş verən partlayışların dalğasının Yerə çatmasından sonra bəzi anomaliyalar müşahidə olundu. Hansı ki, bu da normal sayılmalı anormallıqlardır.
Bu mənada, iyun ayının gəlişi ilə istilərin başlanması da qorxu yaradacaq səviyədə təşviq olunmağa başladı. Əslində, iyun ayında bizim yarımkürədə Günəş şüaları Yerə daha şaquli istiqamətdən gəldiyindən hərarət yüksək olur".
Qorxmaz İbrahimli qeyd edib ki, hal-hazırda şimal yarımkürəsi yay fəslinə daxil olub:
"Başlayan isti havalar hələ ki, normal seyr etməkdədir. Hesab edirəm ki, Azərbaycanın aran rayonları və Abşeron yarımadası üçün 40 dərəcə və üstü hərarət təəccüblü olmamalıdır".
Pərviz