Müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı narazılıqlar davam edir.
Müəllimlər uzun illərdir ki, bu imtahanların Elm və Təhsil Nazirliyindən alınaraq Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsini istəyirlər. Onlar, imtahanlarda istifadə olunan sualların çox çətin olduğunu deyirlər. Həmçinin, sualların quruluşunun da qəliz olduğundan gileylənirlər. Yəni müəllimlər Elm və Təhsil Nazirliyinin keçirdiyi imtahanlardan və tərtib etdiyi suallardan narazıdırlar.
Bəs müəllimlərim işə qəbul imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə verilə bilər?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə verilə bilər:
"Biz artıq neçə ildir ki, müəllimlər işə qəbulunun Dövlət İmtahan Mərkəzinə verilməsi ilə bağlı müəyyən çağırışlar edirik. Sözügedən imtahanlar da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməlidir. Yəqin ki, bu, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında olan razılıq əsasında mümkün ola bilər".
Mütəxəssis vurğulayıb ki, müəllimlərin işə qəbulu imtahanları fərqli vaxtlarda deyil, eyni vaxtda keçirilə bilər:
"Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarında 50 mindən çox abituriyent iştirak edir. Düşünürəm ki, müəllimlərin işə qəbulu zamanı da eyni gündə bütün ixtisaslar üzrə imtahanı Dövlət İmtahan Mərkəzi keçirə bilər.
Nəzərə almaq lazımdır ki, artıq Dövlət İmtahan Mərkəzinin elektron imtahan götürmək üçün xüsusi inzibati binası var. O, cümlədən bəzi təhsil müəssisələrində də bu imkan yaradılıb. Hesab edirəm ki, gələcəkdə tədricən bu imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi daha yaxşı ola bilər".
Pərviz