Qəbul imtahanlarının sualları çətindir? "Cəmi 5 faiz 560 baldan yuxarı..."

ÖLKƏ
13:07 / 25.06.2024
7390

Son günlərdə abituriyentlərin qəbul imtahanları ilə bağlı şikayətlərinin artdığını görürük. 

Onlar, qəbul imtahanlarına düşən sualların çətin olmasından gileylənirlər. Dövlət İmtahan Mərkəzi (DİM) isə sözügedən iddialarla razılaşmayaraq, sualların çətin olmadığını açıqlayıb. Buna baxmayaraq, bu mövzu ətrafında müzakirələr bitməyib. 

Həqiqətən qəbul imtahanlarındakı suallar çətindir? 

Bununla bağlı Hit.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirib ki, qəbul imtahanlarının suallarının asan və ya çətin olmasını yalnız imtahanlar tam bitəndən, eləcə də statistik məlumatlar elan olunandan sonra bilmək olar:


"Lakin Dövlət İmtahan Mərkəzinin (DİM) qiymətləndirmə prosesi barədə də danışmaq lazımdır. Belə ki, orta məktəblərdə 31-60 bal aşağı hədlə "3" qiymətini bildirir. 81-100 bal isə yuxarı hədd olaraq "5" qiymətini təşkil edir. Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul sistemi ilə bunu müqayisə etsək, 210 balın "3" qiymətinə, 560 balın isə "5" qiymətinə uyğun gəldiyini görərik. 2023-cü ilin statistik məlumatlarına görə, ixtisas seçimində iştirak hüququ qazanan abituriyentlərin 80 faizi 210-dan çox bal toplayıb. 

Cəmi 5 faiz abituriyent isə 560 baldan yuxarı bal toplamağa nail olub. Yəni abituriyentlərin yalnız 5 faizi 700 ballıq şkala üzrə cəmi 560-dan artıq bal yığıb. Bu da hər 20 abituriyentdən birinin bu göstəriciyə nail olması deməkdir. Normalda isə bu rəqəm ən azı 2-3 nəfər olmalıdır".

Ekspertin sözlərinə görə, qəbul imtahanlarının asan və ya çətin olmasını bu statistika ilə aydın görmək olar:


"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda suallarının çətin olmasını statistika da ortaya qoyur. Düşünürəm ki, builki qəbul imtahanlarının nəticəsi də ötən ildən çox fərqlənməyəcək. İmtahanlar keçən ilə nisbətən daha asan olsa da, ümumi nəticə hələ ki, eynidir. Bu da o deməkdir ki, qəbul imtahanlarının sualları həqiqətən çətindir".

Pərviz

1