Ucarda inəklər kənd sakinlərinə niyə gülür?

ÖLKƏ
19:29 / 27.06.2024
125

Ucar rayon Şahlıq kənd sakinlərindən Hit.az redaksiyasına yenidən şikayət daxil olub. Kənd sakinləri güclü külək əsən kimi kənddə işıqların sönməsindən şikayətçidirlər:

"İllər öncə çəkilmiş elektrik xətlərinə görə əziyyət çəkirik. Külək, yağış olan kimi işıqlar sönür. Yayın günündə soyuducuda olan bütün ərzaqlar xarab olur", deyə şikayətdə bildirilir.

Kənd sakinlərinin digər şikayəti isə yolla bağlıdır. Kəndə gələn yolun bərbad olduğunu bildirən sakinlər bildiriblər ki, məhz onların kəndinə gələn 3-4 kilometrlik hissə baxımsız haldadır. Yolun giriş hissəində BP şirkətinin stansiyası yerləşdiyinə görə onlar öz istifadə etdikləri hissəni səliqəli saxlayırlar. Qalan hissə isə qalıb Allahın ümidinə.

Kənd sakinləri kəndin alaqapısına girişin olmamasından da şikayətçidirlər. 

“Az qala inəklər gülsün bizə. Kəndin alaqapısından içəri girmək üçün gedib Ağdaşdan fırlanıb gəlmək lazımdır. Böyük İpək Yolu çəkilərkən, kəndə dönmək üçün keçid qoymayıblar. Biz də məcbur olub, mal qaranın keçdiyi yeraltı keçiddən istifadə edirik. Keçiddə inəklər üzümüzə pis- pis baxırlar. Dilləri olsa deyərlər ki, biz heyvanıq, buna məcburuq, siz ki insansınız, Niyə özünüzə yol çəkdirmirsiniz?".

Ümid edirik ki, kənd sakinlərinin bu şikayəti cavabsız qalmayacaq.

Murad

0