“Rəqəmsal akademiya”da dövlət qurumlarının 50-dən çox İKT rəhbərinin layihə təqdimatı baş tutub

ÖLKƏ
12:32 / 04.07.2024
463

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə keçirilən “Rəqəmsal akademiya” təlim proqramı yekunlaşıb. Belə ki, cari ilin may ayında reallaşan təlimlərin ilk sessiyasında fərqli dövlət qurumlarının İKT üzrə məsul şəxslərindən ibarət 8 qrup formalaşdırılıb. İyun ayında proqramın ikinci sessiyası, həmçinin Estoniyanın “Digital Nation” və İRİA-nın data mütəxəssisləri tərəfindən keçirilən mentorluq sessiyaları da baş tutub. Təlim iştirakçıları bu sessiyalarda rəqəmsal transformasiya layihələrində data əsaslı qərarvermə mexanizmləri və onların vasitəsilə vətəndaşyönümlü hökumət xidmətlərinin təkmilləşdirilməsi istiqamətində qabaqcıl yerli və xarici təcrübələrlə tanış olublar.  

3 iyul tarixində baş tutan yekun tədbirdə 36 dövlət qurumunu təmsil edən 50-dən çox rəqəmsal transformasiya üzrə məsul şəxsin cəlb edildiyi qrupların layihə təqdimatları keçirilib. Layihələr İRİA-nın sədri İnarə Vəliyeva, Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müşaviri Vüsal Xəlilov, “Pasha Holding”in data üzrə baş direktoru Valeh Nəbiyev və digər rəsmilərdən ibarət ekspert paneli qarşısında təqdim edilib.  

Qrup layihələri maliyyə, səhiyyə, təhsil, nəqliyyat, dayanıqlılıq və digər klasterləri əhatə edir. Hər qrup proqram ərzində ixtisaslaşdığı klasterə aid müəyyən problemin mümkün həll yollarını təklif edən layihə üzərində işləyib. Layihələrdə cinayətlərin yaranma ehtimalının, təbii fəlakət olan daşqınların, inflyasiyanın və xəstəxanalarda yataq sayının proqnozlaşdırılması, məşğulluq və ictimai nəqliyyatın optimizasiyası kimi mövzular öz əksini tapıb. Komanda işinin mahiyyəti datayönümlü yanaşma və liderlik bacarıqlarının vəhdəti ilə effektiv nəticələrin əldə edilməsi üsullarının inkişaf etdirilməsi olub. 

Layihələrin təqdimatı hissəsi bitdikdən sonra təlim iştirakçıları “Rəqəmsal akademiya”nın sertifikatları ilə təltif olunublar.  

Qeyd edək ki, komanda işinə əsaslanan “Rəqəmsal akademiya” proqramının məqsədi Azərbaycanda rəqəmsal transformasiya üzrə qabaqcıl beynəlxalq təcrübənin tətbiqini təşviq etmək və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi üçün liderlər qrupunu yetişdirməkdir. Proqramın başlıca üstünlüyü təlimlər zamanı iştirakçılar üçün rəqəmsal transformasiya mövzularında komanda şəklində layihələr üzərində çalışmaq və effektiv fikir mübadiləsi aparmaq imkanının təmin edilməsidir.

0