Əjdər Ol şikayəti əsasında məhkəməsi başladı

ÖLKƏ
09:39 / 05.07.2024
154

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası iyulun 11-nə təyin edilib.
 
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Cəbiyev 8 il 6 ay müddətinə azdlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 3 ay azaldıb. Ali Məhkəmədə işə baxılanadək məhkum cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə məhkəməyə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirib.
 
Qeyd edək ki, Ə.Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini vətəndaşlardan rüşvət qismində istəyərək alıb. O, qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib. Cinayət materiallarında göstərilib ki, Ə.Cəbiyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib. Bundan başqa, nazirliyin tikilməkdə olan obyektlərini kurasiya edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub. Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib. Ə.Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

0