"Həqiqətən də Azərbaycanda dini icmaların fəaliyyətinə nəinki münbit şərait yaradılıb, hətta onların inkişafına da dəstək verilir. Mübaliğəsiz olaraq deyə bilərik ki, dünyanın heç yerində dini icmalara bizdəki qədər azadlıq, münbit şərait yaradılmayıb və Azərbaycanda olan dini tolerantlıq başqa ölkələrdə yoxdur".
Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib.
O bildirib ki, bu bizim milli kimliyimizin müsbət xarakerindən irəli gəlsə də, dövlətin siyasəti də önəm kəsb edir. Dövlət - din münasibətləri yüksək səviyyədədir və dinamik şəkildə də irəliləyir:
"Bu məsələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əvəzsiz fəaliyyətini danmaq olmaz. İstər İslam dininə aid, istərsə də digər dinlərə aid icmaların multikulturalizm dəyərlərinə sadiq formada, tolerantlıq şəraitində, insan qardaşlığı obrazında təkamülü dövlətin səmərəli siyasətinə bağlıdır. Mütəmadi olaraq konfranslar, görüşlər, bayramlar keçirilir, müxtəlif icmaların üzvləri birgə müzakirələr aparır, sosial əlaqələr qurur."
Həmsöhbətimiz onu da əlavə edib ki, Azərbaycan bu məsələdə dünyaya bir örnəkdir:
"İstər radikalizmin, məzhəb ixtilafının, xurafatın tüğyan etdiyi bəzi müsəlman ölkələri, istərsə də İslama qarşı mübarizə, müsəlmanlara qarşı təzyiqlərin olduğu Fransa kimi Qərb ölkələri bizim modeldən öyrənməli, nümunə götürməlidir ki, xristian: katolik - provaslav, yəhudi, bəhai, krişna, müsəlman icmaları necə mehriban, isti, səmimi fəaliyyət göstərirlər, əsl dinin mahiyyətini cəmiyyətə çatdırıb, ümumbəşəri mənəvi dəyərləri təmsil edirlər.
Hesab edirəm ki, Yepiskop Smirnov bu ifadələri təsadüfən deməyib, bu, onun səmimi ürək sözüdür. Bütün dini icmaların fikri bu cürdür. Sadəcə çalışıb yad təsirləri, bu münbit mühiti pozmaq istəyən xarici mikrobları yaxın buraxmamalıyıq. Çünki Azərbaycanın inkişafı, xalqın həmrəyliyi bir çoxlarını narahat edir və dini sahədə də müəyyən təxribatçı cəhdlərə meyllər olur.
Fəqət dövlət qurumları bu işlərdə nə qədər ayıq - sayıq olsalar da, gərək cəmiyyətimiz də ayıq olsun ki, məhz bu günki tolerantlıq həmişə davam etsin".
Sevinc