Sosial şəbəkələrdə Azərbaycanda ilk aptekin 1850-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində yaranması barədə məlumat yayılıb.
Hit.az-a açıqlama verən yazıçı, Neftçala sakini, aradırmaçı, yazar Firdovsi Tağıyev bildirib ki, o vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində balıqçı gəmisində aptek yaradılmışdı. Lakin bu Azərbaycanda yaradılmış ilk aptek demək deyil:
"Üç min illik şəhər mədəniyyəti olan Azərbaycanda İzirtu, Qazaka, Ərdəbil, Bərdə, Gəncə, Şamaxı, Təbriz və başqa qədim paytaxt şəhərlər olub. Bu şəhərlər beynəlxalq karvan yollarının üstündə yerləşib. Çindən, Hindistandan və b. yerlərdən hazır dərmanlar, dərman bitkiləri gətirilib. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərdə çoxlu əttar dükanları var idi. Əttar dükanlarında dərman bitkiləri və ətirlər satılırdı.
1850-ci ildəki aptekin ruslar tərəfindən açılmasına görə onu elmi, əvvəlkiləri qeyri-elmi hesab etmək isə savadsızlıqdır. Böyük tibb müəssisələrindən biri XI əsrdə Şamaxıda Xaqani Şirvaninin əmisi Kafiyəddin Ömər ibn Osman tərəfindən yaradılmışdı. 3 min illik dövlətçilik tariximizi, şəhər mədəniyyətimizi bir kənara qoyub, ölkəmizdə ilk aptekin yaranmasını 1850-ci ilə aid etmək bizə baş ucalığı vermir".
Murad