Piyada keçidində gözləməyə belə səbr etməyənlər...

ÖLKƏ
19:11 / 26.07.2024
432

Bizim millət olduqca səbirsizdir.

Düzdür, bunu hər kəsə şamil etmək olmaz. Amma insanlarımızın böyük əksəriyyəti çox səbirsizdir. Hətta davamlı olaraq tələsirlər və səbirsiz davranırlar. Bunun nümunələri həddindən artıq çoxdur. Biz isə gün onların ən təhlükəli olanlarından birinə baxacağıq.

Təəssüf ki, vətəndaşlarımızın çoxu işıqforu gözləməyə dözə bilmir. Bu sürücülərə də, piyadalara da aiddir. Bəzi sürücülər "Formula 1" yarışında iştirak edirmişcəsinə yaşıl işıq yandığı saniyədə sürətlə keçirlər. Piyadalarda isə vəziyyət daha dəhşətlidir. Çünki işıqforu gözləmədən küçəni keçən insanlara hər yerdə rast gəlmək mümkündür. Həmin insanlar öz həyatlarını təhlükəyə ataraq avtomobillər üçün qırmızı işıq yanmamasına baxmayaraq, küçəni qaçaraq keçirlər. 

Bu isə ilk növbədə onların özü üçün çox böyük təhlükədir. Çünki yaşıl işıq yandığı üçün gələn avtomobil anidən qarşısına qaçaraq çıxan insanı gördükdə zamanında əyləci basmaya və ya özünü itirə bilər. Nəticədə isə faciə meydana gələcək. Təəssüflə qeyd etmək lazımdır ki, piyadaların ölümü və ya xəsarət alması ilə nəticələnən yol qəzalarının əksəriyyəti elə bu səbəbdən baş verir.

O şəxs ən yaxşı halda ciddi xəsarətlər almaqla qəzadan sağ çıxa bilir. Hətta bəzən sözügedən qəzanın nəticəsini bir ömür boyu hiss edə bilir. 

Nəzərə almaq lazımdır ki, işıqfora düşməmək üçün sürətlə gələn maşın qarşısına insan çıxanda anidən dayana bilməz. Üstəlik, küçə boş olsa və ya insanın başına heç nə gəlməsə belə bu addımı atmaq son dərəcə yanlışdır. Hər şey bir qırağa, bu, qanunaziddir. Piyadalar üçün yaşıl işıq yanmadan küçəni keçmək yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır. Siz buna görə məsuliyyət daşıyırsınız və cərimələnə bilərsiniz. 

Özünüzü düşünmürsünüz, ən azından ailənizi, doğmalarınızı düşünün. Sizə bir şey olarsa çox pis olacaq yaxınlarınız olduğunu unutmayın. Həmçinin, sizin yol hərəkəti qaydalarını pozaraq küçəni keçməyiniz nəticəsində baş verəcək qəzaya görə günahsız sürücüyə də boş yerə problem yaradırsınız. Axı bütün sürücülər peşəkar deyil. Günahsız bir sürücü idarəetməni itirsə və qəza baş versə, həbs oluna bilər. Bu da ona və yaxınlarına böyük cəzadır. Əfsuslar olsun ki, bunun səbəbi siz olursunuz, amma cəzanı başqaları çəkir. 

Ona görə də bütün qaydalara riayət etməliyik. Unutmayın, qanunlar insanların təhlükəsizliyini təmin etmək üçündür. Yol hərəkəti qaydalarına riayət edərək özünüzü və başqalarını qoruya bilərsiniz. Üstəlik, işıqforda işığın yanma müddəti çox uzun da deyil. Bu, ortalama 1 dəqiqə və ya daha az olur. 

Heç kim 1 dəqiqə gözləməklə harasa gecikməz. Amma həmin bir dəqiqəni gözləməmək sizin və başqalarının həyatını mənfi mənada dəyişə bilər. Ona görə də mütləq şəkildə işıqforda sürücülər üçün qırmızı, sizin üçün yaşıl işıq yandıqdan sonra küçəni keçin. Bu, ən doğru və təhlükəsizlik seçimdir... 

Pərviz

0