Üç prokurorluq işçisi təqaüdə göndərilib.
HİT.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Maqsudov Rövşən Abid oğlu, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin rəhbəri - böyük prokuror Əliyev Akif Nazim oğlu və Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuror-kriminalisti Kişiyev Elman Fərman oğlunun qulluq keçmələrinə xitam verilib. Bununla əlaqədar onlara baş prokuror tərəfindən verilmiş “Prokurorluğun fəxri işçisi” döş nişanı, Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Görüş zamanı veteran prokurorluq işçilərinin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətləri, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib, eyni zamanda veteran prokurorluq işçiləri isə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib.
Rövşən Maqsudov, Akif Əliyev və Elman Kişiyev tədbir iştirakçıları ilə xatirələrini bölüşüb və sonda xatirə şəkli çəkilib.