Baş redaktor: "Qəzetlərin oxunmadığı fikri yanlışdır"

ÖLKƏ
10:16 / 02.08.2024
400

"Qəzetlərin çap variantını onlayn səhifədən ayırmaq olmaz". 

Bunu "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, qəzetə və eyniadlı veb səhifəyə tamamilə bir-birindən ayrılmaz ayrı-ayrı hissələr kimi baxmaq lazımdır:

"Bu mənada "qəzetlər oxunmur" fikri çox yanlışdır. Qəzetlər oxunur və çap versiyası sayəsində onların yazdıqları daha mötəbər qarşılanır. Bütün dünyada belədir. Qəzetlərin yazdıqları müxtəlif saytların və elektron resursların yazdığından daha təsirli və daha mötəbər sayılır. 

Məsələn, Prezident İlham Əliyev Şuşa forumunda ABŞ-nin "Nyu-York Tayms" və "Vaşinqton Post" qəzetlərinin Azərbaycan barədə qərəzli yazılarını misal çəkdi. Yəni dövlət başçısı hər hansı Amerika saytından danışmadı, qəzetlərdən danışdı. Halbuki, Azərbaycana qarşı onlarla qərəz göstərən dünya saytları var. Çünki qəzetlərin yazdıqları pozitiv və ya neqativ olmasından asılı olmayaraq daha tez gözə çarpır". 

355234

Həmsöhbətimiz vurğulayıb ki, qəzetlərin çap variantı yoxdursa, onların veb səhifəsi bu qədər təsirli olmayacaq:

"Dünyanın ən məşhur qəzetlərinin hamısının çap və elektron variantları var. Bunlar ikilikdə güclü və təsirlidir. Veb səhifələrin oxunması və mötəbərliyi elə qəzetin özünün oxunması və mötəbərliyi deməkdir. 

Ona görə də "qəzet oxunmur" fikri çox yanlışdır. Qəzetlər dövlətçilik prinsipinə üstünlük verdikləri üçün tənqid və təftiş müstəvisində daha geniş mövzuların dairəsinə baş vura bilmədiyinə görə bu fikir yaranır". 

Aydın Quliyev qeyd edib ki, bu gün  bəlli beynəlxalq mərkəzlərdən Azərbaycan dövlətçiliyinə güclü qərəzli təzyiqlərin olduğunu hər kəs bilir:

"Bu səbəbdən xüsusilə də qəzetlərin dövlətçilik mövzularından kənara çıxması düzgün olmazdı. Bu, dövlətimizi zəiflədərdi. Küçə-bacada hər kəsin əlində qəzet olsun deyə dövlətçilik prinsiplərini kənara ata bilmərik ki... Çap mediasının dövlətçilik mövqeyində qalması vacibdir, dövlətin də bir missiyası çap medianı yaşatmaqdır. 

Əgər dövlət çap mediasına dəstək verməsə, müasir dövlətlərin qəzetləri təqib edən çar Rusiyası, tarixdəki başqa irticaçı dövlətlərdən nə fərqi olar ki?! Nə vaxt xaricdən məlum qərəzli təzyiqlər neytrallaşar, dövlətimiz iqtisadi, hərbi, diplomatik, siyasi baxımdan özünü yetərincə müdafiə etmək gücünə yetişər, o zaman qəzetlərin dövlət  müstəvisindən çıxaraq ictimai mövzularda tənqid və təftişə üstünlük verməsi haqda düşünmək olar. 

O zaman hər iki adamdan birinin əlində qəzet görünəcək. O zamanlar gəlib yetişəndə, qəzetləri yenidən təsis etməli deyilik ki?! Ancaq bu səviyyələrə çatmaq üçün hələlik qəzetlərin çap və elektron variantlarını bir gücün iki qanadı kimi yaşatmalıyıq". 

Onun fikrincə, qəzetlərdən imtina etmək çox böyük səhv olar:

"Qəzetlərin bir sivilizasiya irsi olduğunu da unutmaq lazım deyil. Qəzet oxunmur deyə imtina edək, kitab oxunmur deyə imtina edək, televiziyalar baxılmır deyə imtina edək, kitabxanalara gedən yoxdusa kitabxanalardan imtina edək, belə yanaşma olar?! Onda 125 deputatın 115 nəfəri həmişə danışmırsa, bu parlamentin ölkəyə lazım olmadığını deməyə əsas verər? Əlbəttə ki, xeyr! Absurd qənaətdir". 

Pərviz

0