8 Noyabr prospektindəki bu ev piyadaların yolunu əlindən alıb

21:35 / 06.08.2024
165

8 Noyabr prospektində yolkəsən bir ev var. Bəli, bəli yanlış anlamadınız.

Prospektin Həzi Aslanov qəsəbəsinə dönən hissəsində yol kənarında iki  böyük villa tikilib. Villa sahiblərinin gözləri tikdikləri evlə, həyətlə doymayıbmış kimi, piyada keçidini də zəbt ediblər. Hasar çəkdikdən sonra piyada səkisinin xeyli hissəsini kəsərək, daşdan məhəccər hörüb, ora ağaclar əkiblər. İki piyada səkidə üz-üzə gələndə biri mütləq düşüb,  avtomobil yolunun ortası ilə getməli olur. Analar  balaca uşaqlarının əlindən tutub,  bu səkidə irəliləyə bilmirlər. Həmin ərazidə  maşınların sürət həddi çox olduğundan, dəfələrlə qəza baş verib. Amma nə yol idarəsi, nə əraziyə baxan MİS, bələdiyyə bir dəfə bu ev sahiblərinə qaşın üstə gözün var, deməyib.

Ümid edirik, prospektə aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində həmin səkinin zəbt edilmiş hissəsi “işğaldan” azad edilər, piyadaların keçib getməsinə rahat şərait yaradılar.

Hələlik həmin evlərin sağında, solunda yolkənarı söküntü işləri aparılsa da,  sözügedən hissəyə toxunulmayıb.

Murad

0