Təhsil haqqı artır - bəs keyfiyyət?

ÖLKƏ
21:18 / 07.08.2024
227

"Cəmiyyətin haqlı narazılığı isə başa düşüləndir. Hər bir tələbənin təhsil alması üçün ailə tərəfindən ayrılan vəsait yalnız tələbənin təhsil haqqı deyil, yol xərcləri, geyim xərcləri, yataqxana və ya kirayə, yemək xərcləri, təhsil aldığı müddətdə istifadə etdiyi vəsaitlərə ayrılan xərclər və sairdir. Bütün bu səbəblərə görə ailə büdcəsi tələbəni təmin edə bilmir, ona görə də benzinin, ərzağın və s.qiymətlərin artması ilə üzləşən ailələr bu tərəfdən də təhsil haqqının artmasını haqlı olaraq narazılıqla qarşılayır".

Bu sözləri Hit.az-a filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli deyib.

O bildirib ki,  əksər dövlət univetsitetlərinin 50 faizdən çox plan yeri dövlət sifarişli əsaslarla müəyyənləşir:

 "Yəni ixtisas üzrə kifayət qədər yaxşı bal toplayan tələbə ödənişsiz əsaslarla təhsil ala bilir. Bu prinsip bütün dünya dövlətlərində olduğu kimi Azərbaycanda da təhsilin rəqabətliliyini təmin edir. Yüksək bal toplamış tələbələr eyni ixtisas üzrə ödənişsiz təhsil alırsa, həmin ixtisasın 30-40 faizi üzrə də aşağı bal toplamış tələbələr təhsil alır ki, sonda eyni diplomu əldə edirlər. Ümumiyyətlə, bəzən elə olur ki, aşağı bal toplamış tələbələr təhsilin növbəti semestrlərində heç də uğurlu olmurlar, lakin əksi olanlar da var. Ödənişli əsaslarla təhsil alanların semestr göstəriciləri (ÜOMG) ödənişsiz tələbələrdən yüksək olduğu halda dövlət hesabına təhsil alan tələbədə akademik borc yaranarsa, onun təqaüdünü də ödənişli oxuyan ala bilir. 

Hazırda Azərbaycanda  təhsil əksəriyyət üçün əlçatandır. Mənə qalsa, 170 bal toplamış abituriyentin tələbə olması vacib deyil. 170 bal toplayan da, 400-500 bal toplayan da sonda eyni diplomu alır. 

Təhsil haqqını bu il artırmayan universitetlərin qiyməti də digər universitetlərin qiymətindən aşağı deyil, təxminən uyğun qiymətlərdir. Artım da çox güman ki, ona görə nəzərdə tutulub ki, digər sahələrdəki qiymət artımını tənzimləmək üçün müəllimlərin və inzibati işçilərin maaşları da artırılacaq. 

Lakin məsələnin ən ciddi, ən lazımlı tərəfi isə budur ki, təhsil haqqı artımı universitetlərdə tədrisin keyfiyyətində hansı perspektivlərdən xəbər verir? Əməkdaşların maaşının artırılması motivasiyaedici göstəricilərdən biri olsa da, ən əsası auditoriyalardakı tədrisin keyfiyyətinin artırılmasıdır".

Sevinc

0