Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

ÖLKƏ
23:36 / 19.08.2024
160

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən mayın 1-dən bu günə qədər ümumilikdə 127 mindən çox uşaq birinci sinifə qəbul edilib. Buna baxmayaraq 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir. 

Agentlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki 2024-2025-ci illər üçün 130 min məktəbyaşlı uşağın qeydiyyatdan keçməsi proqnozlaşdırılır. 

Yəni təxminən 3 min valideyn dərslər başlayanadək övladlarının birinci sinifə qəbulu ilə bağlı müraciət etməlidir.

Bəs valideylər övladlarını təhsildən yayındırmağa cəhd etsə, onları hansı cəza gözləyir?

Mövzu ilə bağlı Modern.az-a danışan hüququşünas Ramil Süleymanov bildirib ki, Azərbaycanda 9-cu sinifə qədər təhsil icbaridir.

“Əgər valideynlər övladlarını təhsildən yayındırarsa, onlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən məsuliyyətə cəlb oluna bilər. Bu maddəyə əsasən valideynləri 40 manatdan 60 manata qədər cərimə oluna bilər", - o qeyd edib.

Hüquqşünas qeyd edib ki, valideynlər bəzən məsuliyyətsizlikdən, bəzən övladlarını özəl təhsil müəssələrinə yönləndirdiyi üçün qeydiyyatdan keçməyə gecikirlər:

"Valideyn bilgisizliyi və etinasızlığı səbəbindən qeydiyyat məsələsi unudulur və burada da yeni problemlər yaranır, məsələn onlar qeyri-rəsmi yollarla övladlarını təhsilə cəlb etmək istəyir".

0