Qələm, kağız, müəllim və jurnalistika - Könül Niftəliyevanın doğum gününə...

ÖLKƏ
18:48 / 27.08.2024
371

Çox qəribədir... Əlimə qələmi götürən kimi, bütün fikirlər qeybə çəkilir. Bəzən də xəyallar aləminə düşürsən, eləbil yuxu dolu yolları keçirsən, təsəvvürdəkilər alayarımçıq şəkildə göz önünə gəlir. Bu dəfə ənənə pozuldu. Olanlar tam fərqli cərəyan elədi. Elə bil ki, qələm də, kağız da barəsində danışacağım adın doğmalığını duydu. 

Fikirlər yay ayında doğulan, özü də xaraktercə istiqanlı olan səbəbkara tərəf yol aldı. Yolun ən başında "qələm, kağız, müəllim və jurnalistika" kvarteti dayanmışdı. Bu komponentlər onun bütünlük halını — vahidlik sistemini təşkil edirdi. "Yol gedənindir...", "yol bitməz" deyirlər. Beləcə, bu yolun sonu da davam edən cümlətək üçnöqtəli, yuxarıdakı kvartet kimi dördnöqtəli, daha dəqiq çoxnöqtəli idi. Bu qənaətə gəlməyim illərimi aldı desəm, hesab edirəm yanılmaram. Çünki jurnalistika yaradıcı sahədir. Burada "kağız, qələm, müəllim və jurnalistika" tandemi birlikdə təşəkkül tapmasa, vəhdətdə boy atmasa komponentlərdən biri çıxdaş olsa vahidlik sistemi pozular. Bu zaman vahid və onun hissələri kəsrə çevrilər, daş-kəsəyə dönər, ortada formal obraz qalar. 

Elə bu məqamda yadıma bilirsiniz nə düşür? Uşaqlığımda məni narahat edən ifadə. Göy mürəkkəbli qələmi ağ kağız üzərinə qoyuram. Vaxtilə gərginlik yaradan, indi isə daxilimdə fərəh hissi oyadan həmin ifadənin ucalığını xatırlayıram: "Müəllim ailəsindənsən!.." Narahatlıq ona görə idi ki, ifadənin ağırlıq təsirindən həmyaşıdlarım kimi istədiyimi edə bilmirdim. Bu söz önümə çəpər çəkirdi. Ancaq bu gün sözün dəyərini anladığım üçün çox şanslıyam ki, elə məhz "Müəllim ailəsindənəm!.." Ümumiyyətlə, bu söz birləşməsi təkcə valideynlərimi deyil, nəsildəki müəllimləri də özündə birləşdirirdi.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunandan sonra, "Müəllim ailəm" xeyli genişləndi. Bura çox dəqiqliklə, bir az da qızırğalanaraq sayma-seçmə müəllimləri də əlavə etdim. O müəllimlərdən biri Universitetə ilk addımlarımı atarkən sözün əsl mənasında mənim də, ali məktəbin önündə gözləyən ailəmin də çox əlindən tutdu. Sənəd məsələlərində hüquqi baxımdan dəstək oldu, yol göstərdi. Sakitliyimdən yararlanıb növbəmi pozanlara yerini də göstərdi. O zaman anladım ki, müəllim həm də öz şəxsiyyəti, öz nümunəsi ilə də qarşısındakını öyrətməyə qadirdir. Ümumiyyətlə, müəllim keyfiyyətləri fərqlidir, çünki bu məsələ özündə çoxşaxəli yanaşma ehtiva edir. Tələbədən əvvəl müəllim mövzuya hakim kəsilməli, onun ustalıq dərəcəsi yüksək səviyyədə olmalıdır. Müxtəlif tədris üsullarından istifadə etməklə tələbədə dərsə maraq yaratmaq da əsas şərtlər daxilindədir. Tələbələr öncəki dərslərdə qazandıqları bilik və təcrübələrini yadırğamamaq üçün yeni öyrəndiklərilə əlaqələndirir, bu, mənalı öyrənmə üsulu ilə bərabər, həm də tələbənin yaddaşına qayaüstü yazı kimi həkk olunur. Müəllim inklüziv mühiti inkişaf etdirməklə tələbələrin bilik mübadiləsi aparmasına, öyrəndiklərini rahat şəkildə bölüşməsinə və tədbiqinə şərait yaradır. Bununla da tələbə öyrəndiklərini rahatlıqla mənimsəyir. Müəllim həm də tələbənin akademik və şəxsi inkişafına dəstəkçidir. Bu dəstəyi üzərində hiss edən tələbə də çalışır ki, müəllimin tapşırıqlarını canla-başla yerinə yetirsin. Yadımdadır, neçə-neçə tələbə məni axtarıb tapırdı. Bu axtarışlar müxtəlif zamanlarda olsa da, tələbədən-tələbəyə dəyişsə də, ancaq fikirlər müəyyən mənada bir-birinə oxşar idi. Deyirdilər, "Əsgər, bizə dəstək ol, müəllimin dərsində səhvimiz olmasın". Əlimdən gələni etsəm də, amma bir məqamı tələbə dostlarımla bölüşürdüm, deyirdim: "Universitetə qəbul zamanı yazıda və nitqdə qrammatik səhvlərim az deyildi. Bu mənada neçə-neçə vərəqlər korlamışdım". Bu fikirlərim tələbə çöhrəsində gülüş yaratsa da, üzərindən gərginliyi atsa da, ancaq müəllim və onun dərsinə olan məsuliyyət hissini azaltmırdı. Qarşılığında isə tələbələrin demək olar ki əksəriyyətindən elə eyni sualı eşidirdim, —Əsgər, bəs müəllim bir söz demirdi? — Deyirdi, deyirdi ki, Əsgər, səni əsgər gedəsən. Sonra da xoş təbəssümlə başını sağa-sola yelləyirdi. 

Bir dərs müddətində şahidi olduğum mənzərənin xəritəsində əsas strateji əhəmiyyətli hissə kimi pedaqoji təcrübə, vicdanla qiymətləndirmə bacarığı, tələbə-müəllim simsarlığı gördüm. Bəlkə də çoxlarının görə bilmədiyi və dəfələrlə qeyd etdiyim mənzərə də vardı. Yuxarıda bir neçə dəfə təkrar etdiyim "Müəllim ailəsindən" olmağın ən əsas üstünlüyü də odur ki, min dərs deyən içindən ən yaxşı müəllimi seçə bilirsən, ən yaxşı məziyyətləri ayırd etmək bacarığın olur. Və bir dərs saatındaca yaxşı müəllim timsalında insan "yetişdirməyin" mənəvi, psixoloji, fiziki... məsuliyyətinə, dərkinə yönəlmiş, yüklənmiş pedaqoji fəaliyyətin nə dərəcədə məsuliyyətli olduğunu görürsən. Peşəyə canyanğısı, hər tələbəyə ayrıca canın yanmasını da. Qısacası, həmin gün öyrədəndən də, öyrənənlərdən də heyran qaldım, həm də təsirləndim, duyğulu anlar yaşadım. Uzun illər böyük şəhərin maarif şöbəsinə rəhbərlik edən, qabaqcıl təhsil işçisi olan Mehdi müəllim Mehdizadə və Lidya xanım Rəsulova kimi təhsil fədailərinin yüksək qiymətləndirdiyi babamın tədris metodikasını gördüm. Hər ev tapşırığını qırmızı qələmlə yoxlaması, düzəlişlərin qeyd və əyani şəkildə edilməsi, tələbənin yazı və danışıq dilindəki qüsurları ortaya çıxarıb, onun üzərində işləməsi, bir sözlə dərs öyrətmə üsulu məni heyrətləndirdi. Və bu heyrətin adı - Könül Niftəliyeva idi! 

Əsgər İsmayılov
 

0