Azərbaycanda son 7 ildə buzlaq sahələri orta hesabla 18 % azalıb.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
O, bildirib ki, son illərdə ölkəyə daxil olan su ehtiyatlarında da 18-20 % azalma müşahidə edilir.
Azərbaycanda su resursları niyə azalıb?
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Hit.az-a şərhində deyib ki, çaylarda suyun azalmasının əsas səbəbi qlobal istiləşmə nəticəsinə müşahidə olunan iqlim dəyişikliyidir:
“Yağıntının normadan az düşməsi də azalmaya təsir edir. Su ehtiyatlarının azalmasında antropogen faktorlar da rol oynayır. Dünya əhalisinin sayı artıb, kənd təsərrüfatı sahələri genişlənib. Suvarma üçün götürülən suyun həcmi artıb. Bizim əsa içməli su qaynağımız olan Kür çayı Türkiyə və Gürcüstan ərazisində keçir. 90-cı illərlə müqayisədə bu ölkələrin əhalisinin sayı xeyli artıb. Yuxarı axarında Kür üzərində çoxlu su anbarları tikilib. Bütün bunlar suyun səviyyəsinə təsir edir. Kürün yuxarısında olan ölkələr su resurslarının iradə olunması ilə bağlı müddəaları özündə əks etdirən Helsinki konvensiyasını imzalamayıblar. Bu konvensiya transsərhəd çaylarında suyun idarə olunması və istifadəsi ilə bağlı qaydaları özündə əks etdirir. Samur, Araz çaylarında da durum təxminən eynidir. Bu halda bizim yeganə yolumuz mövcud su resurslarını daha ağıllı metodlarla idatəetmədədir. Bakı ətrafı qəsəbələrdə su problem mövcudur. Yeni salınmış qəsəbələrin bəzi məhəllələrinə daimi su verilmir. Lakin avtoyuma müəssisələrində 24 saat su var. Bu, anormal bir mənzərə yaradır. Ümumiyyətlə, evlərə veirlən içməli su avtoyuma müəssisələrinə, park və istirahət məkanlarında yaşıllaşdırma işlərinə verilməməlidir. Onlara təkrar emaldan gələn texniki su verilsə yaxşı olar. Kənd təsərrüfatında damcı suvarma sisteminə keçid sürətləndirilməlidir. Bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiylarında iştirak etmişəm. Müşfiqabad qəsəbəsində hektarlarla ağaclıq salınıb. Maraqlıdır ki, həmin yaşıllıq ərazisi damcı suvarma üsulu ilə suvarılır. Bunu bölgələrdə əkin sahələrində də tətbiq etmək olar. Azərbaycan qonşu ölkələrlə müqayisədə az sulu ölkədir. Mövcud resurslarımızdan düzgün istifadə etsək, yaxın gələcəkdə dünyanı bürüyəcək susuzluq problemindən yan keçə bilərik”.
Sevinc