"İşin içində bir neçə vəzifəli şəxsin adı keçir"

ÖLKƏ
18:50 / 11.09.2024
160

Talassemiyalı uşaqların müalicəsi üçün yığılmış pulları ələ keçirməkdə ittiham olunan üç qadının növbəti məhkəməsi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses təqsirləndirilən Nuridə Seyidovanı sorğu-sual etməklə başlayıb. 

Cinayətdə əsas fiqur kimi tanınan iki şirkətin rəhbəri N.Seyidovanın sərbəst ifadəsi dördüncü iclasdır, davam edir. Hakim Azad Məcidov isə bu vəziyyətdən narazılıq edib.

Nuridə vəkilin sualına cavab verərkən bildirib ki, Aynur Bayramova ilə tanış olana kimi talassemiyalı xəstələrlə işləməyib. Həmin xəstələrin də hamısını Aynurla Aysel Məmmədova gətirib. O, Aynurla məhz bu işlər üçün tanış olduğunu deyib. Bu vaxt Aynur onun sözünü kəsərək dediklərini yalanlayıb. 

Ümumiyyətlə, Nuridə ilə Aynur arasında münasibətlər kəskinləşib. Onlar bir-birini ittiham edir, şüşə qəfəsin içində belə mübahisə edirlər. Bu səbəbdən onlar məhkəmə zalındakı şüşə qəfəsin içində belə yanaşı saxlanılmırlar. Aynur baş verənlərlə bağlı Nuridəni günahlandırsa da, Nuridə birlikdə iş gördüklərini deyir. 

Bu işdə hakimi maraqlanıdıran əsas məsələlərdən biri xanım müttəhimlərin hansı xəstəxanalar və vəzifəli şəxslərlə iş gördükləridir: “Mənə konkret olaraq deyin görüm, hansı xəstəxana rəhbərləri və hansı vəzifəli şəxslər sizinlə iş görüb? Və ya sizə başqa yollarla müalicə məqsədilə xəstələr göndərib? Baxıram, işin içində bir neçə vəzifəli şəxsin adı keçir. Heç bilmirəm, istintaq orqanı onları dindirib, yoxsa yox. Kimdir onlar?”, - hakim Məcidov Nuridədən soruşub.

Nuridə cavabında bir neçə məşhur klinikada çalışan həkimlərin adını çəkib. Etiraf edib ki, Mərkəzi Klinikadan cərrah Tariel, Mərkəzi Gömrük Hospitalından Mircəlal həkim işçisi Aysel vasitəsilə rəhbərlik etdiyi şirkətlərə xəstələr göndərib. Bundan əvvəlki iclasların birində Aysel də eyni həkimlərin adını çəkmişdi. O, bu dəfə də əvvəl dediyini təsdiq edib. Əlavə edib ki, Mircəlal həkimlə Nuridə şəxsən danışıb. O, əvvəldən də xaricə adam göndərdiyi üçün tanınırmış. 

Prosesin davamında digər önəmli məsələyə toxunulub. Məlum olduğu kimi, bu iş üzrə zərərçəkmişlərdən 1 milyon manat pul alınıb. Amma maraqlıdır ki, həmin pulların aqibəti bilinmir.

Hakim bəyan edib ki, bütün banklara sorğu verilib, 300-500 manat kimi xırda məbləğlər istisna olmaqla, əlavə heç bir köçürmə aşkar edilməyib: “O gün mənə 500 dollar pul lazım idi. Amma heç yerdən tapa bilmədim. Sizin ifadələrdə isə var ki, kifayət qədər böyük məbləğdə pulları Neftçilərdə dollara çevirmisiniz. O pulla da xəstəxanalara ödənişlər etmisiniz. Bu necə olur, neynəmisiniz 1 milyon dolları?” -, hakim sual verib.

Nuridə isə həmin məsələni belə əsaslanıdırb ki, bütün ödənişlər fiziki şəxslərin adı ilə həyata keçirilib. Məsələn, sürücünün adından ödəniş olunub.

Bundan sonra Aynur sərbəst ifadə verməyə başlayıb. İşlə əlaqadar o qədər də əhəmiyyətli olmayan məsələlərdən danışdığı üçün ona xəbərdarlıq edilib. Hakim bunu ifadədən yayınmaq kimi qiymətləndirib. Bundan sonra müttəhim əsas məsələlərə toxunub.

Deyib ki, Nuridə ilə birgə çalşmaqdan əlavə rəsmi olaraq Türkiyənin Antalya şəhərində yerləşən “Medical Park Antalya” klinikasında işləyib. Həmin klinikanın rəhbəri Sabahəddin də Nuridə ilə iş görüb: “Səhabəddin doktor mənə tapşırmışdı ki, Nuridə ilə iş görüm. Deyirdi onun yaxşı müştəriləri var, klinika üçün də lazımlı adamdır. Sonradan Nuridə plazalardan birində ofis götürdü. Səbahəddin müəllimlə də belə razılaşdılar ki, mən onun şirkətində də işləyəcəyəm. Səbahəddinlə Nuridə arasında olan razılaşma isə belə idi ki, Nuridə göndərəcəyi xəstələrin pulundan 20 faizini geri alacaq. Həmin 20 faizdən də 1 faiz mənə verilməli idi. Amma mən “Medical Park”dan da aylıq maaşımı alırdım”.

Hakimə qaranlıq qalan başqa bir məsələ isə Nuridənin xəstə uşaqların müalicəsi üçün necə sponsor tapmasıdır: “Hamımız bilirik ki, talassemiya əməliyyatları çox bahadır. Tutaq ki, xəstənin 20 min manatı var, bəs lazım olan digər 60-70 mini haradan tapırdın, kim idi də sponsorunuz? Onu deyin”.

Aynur bu suala geniş cavab verməsə də, Nuridənin donorlarının bu işlərdə əsas rol oynadığını bildirib.

İclasa ayrılmış vaxt bitdiyi üçün Aynurun ifadəsi yarımçıq qalıb.

Növbəti iclas sentyabrın 27-nə təyin edilib.

İttihama görə, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi N. Seyidova A. Bayramova və A. Məmmədova ilə cinayətkar əlaqəyə girib. Onlar 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər. Onlar üçü də həbsdədir.


 

0