Bilirik ki, təhsil müəssisələrində hər müəllimin özünəməxsus olaraq müvafiq şəkildə dərs saatları təyin edilir. Bəzən hüquqlarını tam bilməyən müəllimlər arasında belə bir sual yaranır ki, dərs yükü onlardan xəbərsiz olaraq azaldılıb və ya artırıla bilər?
Bizim.Media məsələni araşdırıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən saytımıza verilən açıqlamada bildirilib ki, təhsil müəssisələrində iş saatı Əmək müqaviləsi və müəssisənin daxili nizam-intizam qaydaları ilə tənzimlənir.
Qurumdan bildirilib ki, dərs yükü müəllimdən xəbərsiz dəyişdirilə bilməz və müəllimlərin həftəlik dərs yükü 36 saatı aşa bilməz:
"Müəllimlər arasında dərs yükü bölgüsü məktəb rəhbərliyi tərəfindən aparılır, məktəbin pedaqoji şurasında müzakirə olunaraq təsdiq edilir və direktorun əmri ilə rəsmiləşdirilir. Müəllimdən xəbərsiz onun dərs yükü artırıla və ya azaldıla bilməz”.
Sayt sözügedən məsələylə bağlı təhsil ekspertinin də fikrini öyrənib.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri saytımıza açıqlamasında qeyd edib ki, bir neçə ildir ki, bizdə on minlərlə müəllimin cəlb olunduğu müəllimlərin sertifikasiyalaşdırılmasının əsas məqsədi məhz müəllimlərin dərs yükünün və aldıqları məvacibin sertifikasiya balına görə müəyyənləşdirilməsi, eləcə də differensial əməkhaqqı artımının bu minvalla həyata keçirilməsidir.
O, bu qaydanın çox yaxşı olduğunu vurğulasa da, yaşanan mənfi hallardan da danışıb:
"Bu prosesdə yaşanan neqativ hallar da var, bunlardan biri də müəllimlərin dərs yükünün azaldılması, onun dərs saatının başqasına verilməsidir. Biz dəfələrlə hər hansı bir müəllimin dərs yükünün özündən xəbərsiz şəkildə azaldığını, məktəb rəhbərliyinin təkidi, təzyiqiylə, əsassız səbəblərlə alınıb başqalarına verildiyinə şahid oluruq. Bu, birbaşa olaraq təhsil istiqamətində hüquqi normaların pozulması deməkdir”.
Ekspert bəzi müəllimlərin öz hüquqlarından xəbərsiz olmasını təəsüflə vurğulayıb:
"Müəllimin vəzifə və öhdəlikləri olduğu qədər hüquqları da var. Təəsüflər olsun ki, bizim bir çox müəllimimiz özlərinin məktəbdaxili və məktəbdənkənar bir çox hüquqlarından xəbərsiz olmalarıdır. Müəllimlər hüquqlarını bilsələr, təhsil qanunlarına əsasən hərəkət etsələr, o cümlədən, məktəblərin ümumi nizam-intizam qaydalarını, Nazirlər Kabinetinin bu istiqamətdə verdiyi qaydaları mənimsəsələr, hüquqlarının tapdalanmasına, dərs saatlarının əllərindən alınmasına icazə verməzlər”.