Hər il çox sayda abituriyent yüksək bal toplamasına rəğmən, universitetə qəbul ola bilmir.
Çünki bir çox abituriyent kodlaşdırmanı düzgün aparmır. Nəticədə, yüksək bal toplamasına baxmayaraq, tələbə adını qazana bilmirlər. Üstəlik, onların arasında zaman-zaman 500-600 və daha yuxarı bal toplayan abituriyentlərin də olduğunu görürük.
Bəs belə abituriyentlər üçün hansısa əlavə şans və ya güzəştin verilməsi gündəmə gələ bilər?
Mövzu ilə bağlı bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlamasında bildirib ki, əslində kodlaşdırma zamanı abituriyentlərin seçim şansı çox olur:
"Daha doğrusu onların ali məktəblərə qəbul olma şanslarını artırmaq məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ixtisas seçimi zamanı elektron ərizədə 15 yer seçməyə icazə verilir. Həmçinin, abituriyentlərə düzgün ixtisas seçimi edə bilmələri üçün keçən ilin ixtisasları üzrə keçid ballarını və cari ildə abituriyentlərin topladığı balların interval üzrə statistikasını əks etdirən jurnallar da çap edilir. Bundan başqa, DİM-in yaratdığı Abituriyent məsləhət mərkəzləri də pulsuz olaraq abituriyentlərə xidmət edir".
Ekspertin sözlərinə görə, yüksək bal toplamasına rəğmən, düzgün kodlaşdırma etməyərək universitetə daxil olmayan abituriyentlər üçün əlavə şansın verilməsi düzgün olmaz:
"Çünki bu, neqativ halların baş verməsinə səbəb ola bilər. Eyni zamanda, abituriyentlərin əksəriyyəti ixtisas seçiminə ciddi yanaşmaz. Bunu nisbətən aradan qaldırmaq üçün DİM elektron ərizədə 15 yox, daha çox - 20-25 ixtisasın qeyd edilməsinə icazə verməklə problemi qismən həll edə bilər. Adətən yüksək balla ali məktəbə daxil olmayanlar daha çox iddialı olub yüksək yerlər yazırlar. Belə olanda abituriyentlər aşağı ballı ixtisasları da kodlaşdıra bilərlər".
Pərviz