Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Qaynarinfo-ya daxil olan məlumatda şikayətin Vüqar Səfərli tərəfindən verildiyi iddia olunur.
Şikayətə baxılma tarixi hələ ki, müəyyənləşməyib. Vüqar Səfərlinin həyat yoldaşı və oğlu iş üzrə maraqlı şəxs qismində çıxış edir.
2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Vüqar Səfərli və digərləri bu cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb. İbtidai istintaq bitdikdən sonra iş baxılması üçün Bakı Ağır Cinayətlərinə göndərilib.
Məhkəmənin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Digərlərinə isə şərti cəza verilib.