"Məktəblərdə hansısa formada pul yığılması tamamilə qanunvericiliyə ziddir".
Bu sözləri təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib.
O, məktəblərdə hələ də "fond pulu" yığılmasını tənqid edib:
"Təəssüf ki, hələ də bəzi məktəblərdə "fond pulu" və yaxud da başqa adlar altında pul yığılır. Buna baxmayaraq, "fond pulu"nun yığılması həm qanunsuz, həm də əsasısdır. Ümumiyyətlə, bunun nə üçün və kimə görə yığıldığını araşdırmaq lazımdır".
Ekspert diqqətə çatdırıb ki, məktəblərin bütün ehtiyacları dövlət tərəfindən qarşılanır:
"Nəzərə almaq lazımdır ki, məktəblərin təmiri dövlət tərəfindən qarşılanır. Həmçinin, məktəbi süpürgədən bütün texniki avadanlıqlara qədər dövlət təmin edir. Belə vəziyyətdə hansısa adla pulun yığılması qanunsuzdur. Bu, "Təhsil haqqında" qanunun, habelə korrupsiya və digər istiqamətlər üzrə qanunvericiliyin pozulmasıdır".
Mütəxəssis valideynlərə "fond pulu" ödəməməyi məsləhət görüb:
"Valideynlərdən məktəbdə hər hansısa formada pul yığmamaları və ödəniş etməmələri tövsiyə olunur. Unutmayın, "Təhsil haqqında" qanuna əsasən, valideynlər sadəcə könüllük prinsipi əsasında təhsil müəssisəsinə ianə ödəyə bilərlər. Lakin kimdənsə məcburi şəkildə "fond pulu" və ya başqa adla pul tələb etmək qanunsuzdur. Valideynlər də mütləq şəkildə bununla bağlı aidiyyəti qurumlara şikayətlərini edə bilərlər".
Elçin Əfəndi qeyd edib ki, "fond pulu" adı ilə yığılan pulların hesabatı aparılmır:
"Deməli, kimlərsə "fond pulu" adı ilə pul yığmaqla məşğuldurlar. Ona görə də valideynlər belə bir hal baş verdiyində Elm və Təhsil Nazirliyinə zəng edib şikayət etməlidirlər. Həmçinin, sözügedən qanun pozuntusu ilə bağlı Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə məlumat verə bilərlər. Valideynlər unutmasınlar ki, "fond pulu", eləcə də digər istiqamətlərdə pul yığılması yolverilməzdir və qanunvericiliyin pozulmasıdır".
Pərviz