Müəllimlər üçün pul yığılmasının qarşısı necə alınmalıdır?

ÖLKƏ
12:18 / 24.09.2024
324

"Təəssüf ki, yeni tədris ili başlayanda əvvəllər gördüyümüz problemlərlə yenidən qarşılaşırıq".

Bu sözləri təhsil eksperti Adil Vəliyev Hit.az-a açıqlamasında deyib.

O, məktəblərdə pul yığılma hallarından danışıb:

"Yeni tədris ili başlayanda məktəbin təmiri üçün pul yığıldığının şahidi oluruq. Daha sonra isə müəllimlər günü və digər bayramlar münasibətilə valideynlərdən pul yığılmağa davam edilir. Bəzən bu pulları toplayan şəxslərin elə valideynlər olduğunu görürük. 

Adətən valideyn komitəsinə rəhbərlik edən valideyn müəllimə hədiyyə almaq və ya müxtəlif səbəblərə görə pul yığır. Düşünürəm ki, bu problemləri aradan qaldırmaq üçün maarifləndirmə işi məhz valideynlərdən başlamalıdır. Onlara təlimat verilməlidir ki, məktəblərin təmir işi, eləcə də ehtiyac olunan nəyinsə alınması üçün məktəb rəhbərliyi müvafiq orqanlara müraciət edir və onlar qarşılanır". 

Ekspert qeyd edib ki, müəllimlərə hədiyyə alınması isə sadəcə könüllü şəkildə ola bilər:

"Ancaq təəssüflər olsun ki, valideyn komitəsinin rəhbərləri bunun üçün müəyyən ödəniş tələb edirlər. Hətta ödənişi etməyən valideynin adı siyahıya salınır. Nəticədə isə müəllimlər həmin valideynin övladına qarşı qərəzli münasibət bəsləyirlər. 

Bu məsələyə məktəb rəhbərliyi də ciddi yanaşmalı və belə xoşagəlməz halların baş verməməsi üçün qətiyyətli fikir bildirilməlidir. Düşünürəm ki, valideynlərin müəllimə hədiyyə verməsi və ya pul toplaması gələcəkdə müəllimin nüfuzunun aşağı salınması kimi də qiymətləndirilə bilər". 

Adil Vəliyev diqqətə çatdırıb ki, artıq müəllimlərin hədiyyəyə ehtiyacı yoxdur:

"Son illərdə sertifikasiya imtahanları nəticəsində müəllimlərin maaşının artması onların hədiyyələri ehtiyacı olmadığını göstərir. Bu kimi halların baş verməməsi üçün valideyn komitələri, müəllimlər və məktəb rəhbərliyi öz mövqelərini bildirməlidirlər. Çünki məktəb bir tədris müəssisəsi olduğu üçün burada hansısa hədiyyədən və ya pulun toplanmasından söhbət gedə bilməz".

Pərviz

0