Yüksək patogen quş qripi səbəbindən Azərbaycanın bir çox ölkələrə qoyduğu idxal məhdudiyyəti aradan qaldırılıb.
HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb
Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Tunis vilayətində və Fələstin Dövlətinin Beytləhm əyalətində dabaq, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində və Danimarka Krallığının Şimali Yutlandiya regionunda Nyukasl, Nepal Federativ Demokratik Respublikasının Karnali, Baqmati əyalətlərində, Seneqal Respublikasının Ties regionunda, Albaniya Respublikasının Korça, Fier vilayətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Bu siyahıya, həmçinin Boliviya Çoxmillətli Dövlətinın Koçabamba inzibati ərazi vahidi, Çilinin Libertador Qeneral Bernardo O"Hiqqins regionu, İsveçrə Konfederasiyasının Sürix inzibati ərazi vahidi, Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko və Ayova ştatları daxildir.
Belə ki, qeyd olunan ərazilərdə WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, Azərbaycanda həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.