Bu universitetə yeni rektor təyin olundu

ÖLKƏ
16:26 / 30.09.2024
81

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Kamran oğlu Qasımov Bakı Avrasiya Universitetinin Təsisçilər Şurasının 30.09.2024-cü il tarixli qərarı ilə BAAU-nun rektoru vəzifəsinə təyin edilib.

HİT.az xəbər verir ki, Səyavuş Qasımov yeni təyinatadək BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.

S. Qasımov 2001-2005-ci illərdə BDU-nun Tarix fakültəsində bakalavriat, 2005-2007-ci illərdə magistratura səviyyələrində təhsil alıb, hər iki pilləni fərqlənmə diplomu ilə bitirib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi institutlar və sistemlər” ixtisası üzrə doktoranturada təhsil alıb və təhsilini 2011-2012-ci illərdə Avropa Birliyinin “Erasmus Mundus” proqramı üzrə Yunanıstanın Beynəlxalq Hellenic Universitetində davam etdirib. “Azərbaycan Respublikasının milli maraqları sistemində geosiyasi amil” mövzusunda siyasi elmlər üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək 2017-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 30-dan çox elmi məqalənin müəllifidir.

O, bir sıra beynəlxalq elmi konfranslarda çıxış edib. İngilis və rus dillərini bilir.

Əmək fəaliyyətinə 2007-ci ildə BAAU-nun Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi başlayıb. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, şöbə müdiri, Universitetin elmi katibi, kafedra müdiri əvəzi və dekan əvəzi vəzifələrində çalışıb. 2015-ci ildən yeni təyinatadək universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini icra edib.

2014-cü ildən Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədridir. 

Azərbaycan Elm Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən 12 layihənin müəllifidir.

Elm və təhsil nazirinin əmri ilə  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

0