Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirildı

ÖLKƏ
10:10 / 05.10.2024
289

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Hit.az xəbər verir ki, konfransın əsas mövzuları iqlim dəyişmələrinin elmi və praktik aspektlərinə həsr olunub.

Konfransda iqlim fəaliyyəti sahəsində böyük irəliləyişlər əldə etmək üçün empirik məlumatların, süni intellekt və qabaqcıl analitik vasitələrin əhəmiyyəti, iqlim dəyişikliyinin transsərhəd su ehtiyatlarının idarə olunmasına təsiri, bu istiqamətdə yeni yanaşmalar və beynəlxalq əməkdaşlıq mexanizmləri, eləcə də beynəlxalq səviyyədə ortaq təşəbbüslərin sinerjisi, müvafiq zəruri qlobal və regional əməkdaşlıq imkanları müzakirə edilib.

Konfransın açılışında salamlama nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu alim, tədqiqatçı, siyasətçi və ekoloqlarının bir araya gəldiyi bu konfrans dövrümüzün ən aktual problemlərindən biri olan iqlim dəyişmələri ilə mübarizə istiqamətində səmərəli multidissiplinar platforma olacaq. 

Bir əsrdən çoxdur ki, Azərbaycanda elm və təhsilin flaqmanı olan BDU-da iqlim dəyişmələri və bu dəyişmələrdən doğan təhlükələrin gənc nəslə çatdırılması, bu problemin həlli yollarının işlənilib hazırlanması istiqamətində elmi əsaslara söykənən mühüm işlər görülüb. Belə tədqiqatlar bu gün də davam etdirilir:

 “Bu konfransda paylaşılacaq təcrübələr, biliklər, ideyalar və qurulacaq əməkdaşlıqların iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə böyük töhfə verəcəyinə inanırıq. Noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək. Bu tarixi hadisə ölkəmizin iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı qlobal səylərin mərkəzində yer alacağına imkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-un təşkil olunması üçün xüsusi Sərəncamı müxtəlif sahələr üzrə əlaqəli fəaliyyətlərin təşkil olunmasını özündə ehtiva edir və Azərbaycanın milli, beynəlxalq səviyyədə iqlim dəyişmələri və ekoloji problemlərin qlobal səviyyədə həllində dünya ölkələri ilə həmrəy olduğunu göstərir. Biz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsini daima yaşatmalı, öyrənməliyik. Məhz Ulu Öndər Heydər Əliyev siyasəti ilə Azərbaycanın dinamik inkişafı və qlobal problemlərdə, o cümlədən də ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri məsələlərində fəal iştirakının təməli qoyulub. Təkcə onu qeyd etmək kifayətdir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Abşeron yarımadasının bir vaxtlar səhralaşan əraziləri yaşıllaşdırılıb və yaşayış üçün gözəl məkana çevrilib”.

BDU rektoru bildirib ki, iqlim dəyişmələri artıq uzaq təhlükə kimi görünmür, ekosistemləri, iqtisadiyyatları və icmaları böhrana aparır:

 “Unutmamalıyıq ki, artan temperatur, ekstremal hava şəraitləri, dəniz səviyyəsinin qalxması və ya enməsi, dəyişən ekosistemlər bu və ya digər formada məhz bizim – insanların “əməllərinin” nəticələridir. Məhz buna görə konfransların və digər elmi tədbirlərin davamlı olaraq təşkil olunması çox vacibdir. Belə tədbirlər müxtəlif sahələri təmsil edən alimləri, ictimai-siyasi xadimləri bir araya gətirir, məsələlərin həlli yolları üzərində işləməyə imkan yaradır. COP29 ərəfəsində keçirilən Bakı İqlim Fəaliyyətləri Həftəsi, o cümlədən Bakı İqlimşünaslıq Konfransında aparılacaq müzakirələr COP29-dakı səylərə birbaşa təsir göstərəcək. İqlim dəyişmələri ilə mübarizədə qlobal siyasəti və fəaliyyətləri formalaşdırmağa kömək edəcək. Konfransın iqlim dəyişmələri üzrə birgə fəaliyyət planlarını müəyyən edəcəyinə, problemlərin həlli istiqamətində konkret nəticələr əldə etməyə imkan verəcək beynəlxalq şəbəkələr və əməkdaşlıqlar qurmaq üçün ən yaxşı platforma olacağına əminəm”.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxışında qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə qlobal töhfə verir. Ölkədə bərpa olunan enerji mənbələri, karbon emissiyasının azaldılması ilə bağlı həyata keçirilən işlər buna əyani misal ola bilər. 

Ziyafət Əsgərov qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim siyasətində aparıcı rola malik olduğunun göstəricisidir.

Elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında bildirib ki, iqlim dəyişikliklərinin qarşısının alınması baxımından təhsil ən mühüm alətlərdən biridir. Çünki təhsil insanları öyrətməyə, ətraf mühitə münasibəti dəyişdirməyə yardım edir: 

“2024/2025-ci tədris ilində ekoloji ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul planı artırılıb. Bu tədris ilində ekoloji yönümlü ixtisaslara qəbul olunanların sayı bakalavriat səviyyəsində 31, magistratura səviyyəsində isə 61 faiz artıb. İqlim dəyişikliyi ilə mübarizə üçün gənclərimizə yaşıl bacarıqlar aşılamalıyıq. Yaşıl bacarıqlar iqlim dəyişikləri ilə mübarizə üçün əlverişli bilik və səriştələr sistemidir. Bu sahədə ümumi və ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Elmi yanaşma olmadan iqlim dəyişikliklərinin mənfi fəsadları ilə mübarizə aparmaq mümkün deyil. Ona görə də elmi müəssisələrin fəaliyyətində bu istiqamət xüsusi önəm daşımalıdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli, COP29 üçün BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) katibinin müavini Ermira Fida, COP29-un Azərbaycan üzrə gənc iqlim çempionu Leyla Həsənova çıxışlarında iqlim dəyişikliklərinə qarşı mübarizədə milli strategiyaların qəbulunun vacibliyini qeyd ediblər. 

Bildirilib ki, dayanıqlı gələcəyi təmin etmək üçün daha çevik iqlim siyasəti həyata keçirilməlidir.
Konfrans öz işini “İstixana qazlarının (İQ) emissiyaları haqqında düşüncəmizdə inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu”, “Elmi çağırışlarda qlobal və regional əməkdaşlığın rolu”, “İqlim dəyişikliyinin və paradiqma sürüşmələrinin transsərhəd su resurslarının idarə olunmasına təsiri” mövzularında elmi sessiyalar ilə davam etdirib.
Empirik məlumatların işlənilməsi və qabaqcıl analitik vasitələr iqlim dəyişikliklərinin daha dəqiq və tez proqnozlaşdırılması, həmçinin iqlim siyasətlərinin daha effektiv şəkildə həyata keçirilməsi üçün açar rola malikdir. Konfransda iqlim dəyişmələrinin proqnozlaşdırılması və onunla mübarizədə süni intellekt texnologiyalarının istifadəsi geniş müzakirə olunub. Süni intellektin iqlim modelləşdirməsindəki tətbiqləri, böyük məlumat dəstələrinin analitik işlənməsi və real vaxt rejimində əldə edilən məlumatlar əsasında optimal qərarların qəbul edilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Bu mövzu həm də qlobal miqyasda iqlim tədbirlərinin sürətləndirilməsi baxımından vacibdir.
İqlim dəyişikliyi xüsusilə su resurslarının idarə olunmasında ciddi təsir göstərir. İqlim dəyişiklikləri su ehtiyatlarının miqdarını və keyfiyyətini dəyişərək, bölgələrarası və ölkələrarası su paylanmasında problemlər yarada bilər. 

Konfransda transsərhəd su ehtiyatlarının idarə olunması mövzusunda yeni yanaşmalar və əməkdaşlıq mexanizmləri müzakirə olunub. Bu məsələnin həlli üçün regional əməkdaşlıq vacibdir və xüsusi diqqət qlobal səviyyədə su resurslarının qorunması, onların ədalətli paylanmasına yönəlib. 

Qonşu ölkələr arasında su ehtiyatlarının paylaşdırılmasının daha ədalətli və ekoloji baxımdan dayanıqlı idarə edilməsi üzrə praktiki təkliflər irəli sürülüb.
İqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq əməkdaşlıq müzakirələrin mərkəzində olub.

İqlim dəyişikliyi qlobal problem olduğu üçün ölkələrarası koordinasiyalı fəaliyyət tələb edir. Konfransda ortaq təşəbbüslərin necə daha effektiv sinerji yarada biləcəyi, bu istiqamətdə qlobal və regional əməkdaşlıq mexanizmlərinin yaradılması yolları müzakirə edilib. Xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində əldə olunan razılaşmaların icrası, ölkələrin milli iqlim planlarının (NDC) daha səmərəli reallaşdırılması yolları və qlobal səviyyədə ortaq iqlim məqsədlərinin irəlilədilməsi bu mövzunun əsas istiqamətlərindən olub.

Empirik məlumatların düzgün toplanması, analizi və istifadəsi iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynayır.

Konfransda bu məlumatların effektiv şəkildə necə toplanması və paylaşılması məsələləri müzakirə olunub. Eyni zamanda, iqlim fəaliyyətində innovativ texnologiyalar və həll yolları, o cümlədən karbon tutma və saxlama texnologiyaları, bərpa olunan enerji mənbələrinin tətbiqi, enerji effektivliyi və tullantıların azaldılması üzrə yeniliklər də konfransın mühüm müzakirə mövzularından biri olub.
İqlim dəyişikliyi yalnız ekoloji deyil, həm də sosial-iqtisadi sistemlərə güclü təsir edir.

Konfransda bu təsirlərin regional və qlobal səviyyədə iqtisadi böyüməyə, yoxsulluğa, miqrasiya axınlarına, qida təhlükəsizliyinə və iş yerlərinə təsiri ətrafında müzakirələr aparılıb. İqlim dəyişiklikləri ilə mübarizə sahəsində dövlətlərin qəbul etməli olduğu iqtisadi və hüquqi tədbirlər, siyasətlərin necə formalaşdırılması və həyata keçirilməsi ilə bağlı konkret addımlar da müzakirə olunub.

0