Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər

ÖLKƏ
23:00 / 05.10.2024
179

Azərbaycan avtomobil bazarı dinamik və dəyişkən bir mərhələdədir. İdxal və yerli istehsal arasında balansın yaradılması, yeni ekoloji tələblərə cavab verən avtomobillərin bazara daxil olması və ikinci əl avtomobillərin bazar payının artması kimi amillər bazarın formalaşmasında əsas rol oynayır.

Qiymət artımları, tədarük zəncirindəki qlobal problemlər və daxili iqtisadi təzyiqlər avtomobil almaq istəyən istehlakçılar üçün çətinliklər yaratsa da, bazar ümumilikdə sabit qalmaqdadır.

Bu barədə "Report"a açıqlamasında avtomobil bazarı üzrə ekspert Elnar Rzayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan avtomobil bazarının mövcud vəziyyəti bir sıra iqtisadi, sosial və texnoloji amillərin təsiri ilə formalaşır:

"Bu bazarın dinamikası həm daxili, həm də xarici amillərlə, o cümlədən avtomobil idxalı, yerli istehsal, ikinci əl avtomobillərin satışı, avtomobil kreditləşməsi, qiymət dəyişiklikləri və digər iqtisadi göstəricilərlə müəyyən olunur. Azərbaycan avtomobil bazarı, əsasən xaricdən idxal olunan avtomobillərlə formalaşır. Ölkəyə hər il minlərlə avtomobil idxal olunur və bunlar arasında həm yeni, həm də istifadə olunmuş maşınlar üstünlük təşkil edir. Xüsusən də Avropa, Yaponiya, Cənubi Koreya və ABŞ kimi ölkələrdən idxal olunan avtomobillər böyük tələbat görür. Bu ildə isə bir sıra məhdudiyyətlərin aradan qaldırılması və gömrük prosedurlarının sadələşdirilməsi ilə idxalda artım müşahidə olunub".

Ekspert bildirib ki, Azərbaycanda ikinci əl avtomobil bazarı böyükdür və əhali arasında bu seqmentə maraq yüksəkdir.

"Hazırda ikinci əl avtomobil bazarında maşınların qiymətlərində əhəmiyyətli artımlar qeydə alınıb. Bu artım bir tərəfdən də dünya miqyasında inflyasiya təzyiqləri və istehsal xərclərinin yüksəlməsi ilə bağlıdır. Digər tərəfdən, COVID-19 pandemiyası zamanı istehsalın yavaşlaması və tədarük zəncirinin pozulması da bazara təsir göstərib."

E. Rzayev ikinci əl avtomobillərin qiymətlərindəki artımın təxminən 15-25 % təşkil etdiyini diqqətə çatdırıb:

"Bu, əsasən tələbatın çox olması və yeni avtomobillərin yüksək qiymətləri ilə bağlıdır. Xüsusən də daha populyar markalar və modellər üzrə qiymətlər daha yüksək faizlə artıb. Yeni avtomobillərin qiymətləri də artıb, lakin bu artım daha çox 10-20 % arasında dəyişir.

Bunun səbəbi dünya üzrə avtomobil istehsalında yaranmış qıtlıq, logistika problemləri və xammal qiymətlərinin artmasıdır.

Xüsusilə Avropa və Asiya ölkələrindən idxal olunan avtomobillərin qiymətləri bu kateqoriyada əhəmiyyətli dərəcədə artıb".

"Elektrik və hibrid avtomobillərin qiymətləri ən çox dəyişkənlik göstərən seqmentdir. Hazırda elektrikli avtomobillərin qiymətləri Azərbaycanda 20-30 % arası artım göstərib.

Çünki bu seqment hələlik yenidir və infrastruktur məhduddur. Lüks avtomobil bazarında qiymət artımı ümumilikdə 10-15 % səviyyəsində qeydə alınıb.

Bu tip avtomobillər üçün tələbat daha sabit olsa da, qlobal təchizat zəncirindəki gecikmələr və yüksək xərclər bu bazara da təsir göstərib", - deyə ekspert əlavə edib.

Digər avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, dünyada elektrik və hibrid avtomobillərə maraq artdıqca, Azərbaycanda da bu tendensiya müşahidə olunur. "Dövlətin ekoloji tələbləri sərtləşdirməsi və daha müasir avtomobillərin dəstəklənməsi siyasəti çərçivəsində hibrid və elektrikli nəqliyyat vasitələrinə tələb artmağa başlayıb. Hazırda elektrik avtomobillərinin idxalı və satışlarında müəyyən qədər artım olsa da, bazarın ümumi payında bu növ nəqliyyat vasitələri hələ də məhdud sayda təmsil olunur".

O qeyd edib ki, ikinci əl avtomobillərin qiymətlərinin artmasına avtomobil bazarında olan tələbatın çoxluğu və yenilənmiş nəqliyyat vasitələrinin çatışmazlığı da təsir edir:

"Əksər istehlakçılar üçün yeni avtomobil almaq məhdudiyyətlərlə bağlıdır. Bu, ikinci əl bazarının güclü qalmasına səbəb olur. Xüsusilə SUV tipli avtomobillərə və yanacağa qənaətcil modellərə maraq daha yüksəkdir".

0