Azərbaycanda bir sıra məktəblərin komplektləşdirilməsi həyata keçirilir.
Şəhər məktəblərində paralel siniflər birləşdirilsə də, ucqar rayonların bəzilərində 1-ci və 3-cü siniflər birləşdirilir. Bununla bağlı müxtəlif narazılıqlar mövcuddur.
Siniflərin birləşdirilməsi şagirdlər üçün çətinlik yaradır, müəllimlərin dərs saatlarının azalmasına səbəb olur. Bu məsələ necə həll olunmalıdır?
Təhsil eksperti Rizvan Fikrətoğlu Hit.az-a şərhində deyib ki, dövlət ümumi təhsil müəssisəsində şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Əgər bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil olunacaq:
“İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək, komplekt siniflər təşkil olunur. Komplekt siniflər şagird sayı 18 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Eyni zamanda, tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində, sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda, paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin, tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır”.
Ekspert onu da əlavə edib ki, yeni qaydalar tətbiq edilərkən bütün sosial, psixoloji məsələlər nəzərə alınır:
“Müəllimlərin dərs saatının azalırsa, ona kənar məktəblərdə iş təklifi gəlir. Çünki o ehtiyat kadr siyahısına düşür”.
Sevinc