BŞİH-də növbəti müşavirə keçirildi, mövcud nöqsanlar tənqid edildi

ÖLKƏ
10:28 / 08.10.2024
138

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonlarının İcra Hakimiyyətlərinin başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bu barədə HİT.az-a BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə bir sıra məsələlər, o cümlədən noyabr ayında paytaxtda keçiriləcək mötəbər beynəlxalq tədbir ərəfəsində şəhərdə aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən son müddət ərzində şəhərdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib. Binaların, obyektlərin fasadları, eyvanları, dam örtükləri təmir edilir, rənglənir, istinad divarları, hasarlar qaydaya salınır, hər tərəfdə abadlıq işləri görülür, genişmiqyaslı yaşıllaşdırma işləri aparılır.

Müşavirədə paytaxtın rayonlarında görülən işlərin monitorinqi ilə bağlı hazırlanan videorolik nümayiş etdirilib, işlər müzakirə edilərək mövcud nöqsanlar tənqid edilib.

Vurğulanıb ki, mühüm beynəlxalq tədbirə çox az vaxt qalıb və qalan qısa müddət ərzində təmir-quruculuqla bağlı nəzərdə tutulan bütün işlər yekunlaşdırılmalıdır.

0