"Onlayn lotereya" dələduzluğu - 1,2 milyon manat necə ələ keçirilib? - DETALLAR

ÖLKƏ
12:28 / 09.10.2024
157
"Onlayn lotereya" adı ilə 1 milyon 232 min manat ələ keçirməkdə təqsirləndirilən Tənzilə Kərimovanın məhkəməsi davam etdirilib.
 
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.
 
Zərərçəkmişlərdən Həcər Baxışova "Onlayn lotereya" oynamaq məqsədi ilə yaradılan qruplarından birinin rəhbəri olub. O, rəfiqəsi ilə qrupa qoşulduğunu bildirib.
 
"Mən 2-ci qrupun rəhbəri olmuşam. Rəfiqəmlə birgə bu oyuna daxil olmuşduq. May ayında qrupa qoşuldum, 1 aydan sonra rəhbər vəzifəsinə təyin edildim. Səbəbini aktiv olmağım kimi göstərmişdilər. Qrupa 10-a yaxın adam gətirmişəm. Ümumilikdə 2500 manat pul qoymuşam və pulum qaytarılmayıb".
 
Tənzilə Kərimova zərərçəkənə göndərdiyi 61 min manat pulu çıxarmağı ilə bağlı sual verib.
 
Həcər Baxışova bildirib ki, həmin pulu kartdan çıxarıb və qrup iştirakçılarına paylayıb.
 
Məhkəmə zərərçəkmişdən həmin pullarla bağlı hesabat istəyib.
 
Digər zərərçəkən Aygün Fərəcova bildirib ki, bu şəbəkəyə sinif yoldaşı vasitəsilə qoşulub.
 
Əvvəlcə vəd edilən pulu qazanıb. Daha sonra isə heç bir vəsait əldə edə bilməyib:
 
"Qrupa qoşulduqdan sonra mən, xalamqızı, sinif yoldaşım 180 manatla oyuna qatıldıq. Bizə vəd edilən 1260 manatı aldıq. Daha sonra digər qruplar açıldı. Mən dəvət etdiyim şəxslərə görə də pul qazanırdım. Hazırda onlar da zərəçəkmiş qismində tanınıb. Sonralar açılan qruplara da əlavə olundum və qazandım. Ən sonda açılan minlik qrupda qazanc əldə edə bilmədim. 3450 manat pulum qaytarılmadı".
 
Hakim Aygün Fərəcovaya oyuna cəlb etdiyi şəxslərlə bağlı suallar ünvanlayıb. Zərərçəkən bildirib ki, bu vəzifəni ona Tənzilə Kərimova tapşırıb:
 
"Mənə Tənzilə xanım deyirdi ki, digər şəxsləri qrupa əlavə etmə. Öz adınla dəvət et. Pulu da mənə göndərərək digərilərini bölüşdürməyimi istəyirdi".
 
Digər zərərçəkmişlərində dindirilməsi üçün proses təxirə salınıb.
 
Növbəti iclas 16 oktyabra təyin edilib.
 
Qeyd edək ki, 2022-ci ilin aprel ayından başlayaraq Tənzilə Kərimova internet üzərindən "Onlayn lotereya" oyunları təşkil etməklə qruplar yaradaraq insanların etibarından sui-istifadə edərək 81 nəfərin 1 milyon 232 min 559 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
 
"Lotereya"da ilk əvvəl oyuna qoşulmaq üçün hər bir şəxsdən 180 manat pul qəbul olunub, 8 nəfərin ödənişi - cəmi 1440 manat isə qalib gəlmək növbəsi olan şəxsə ödənilib. 2022-ci ilin iyul ayından «qat» sistemli oyun yaradıb. Həmin sistemə əsasən yatırım etmiş şəxs bir ayın tamamında yatırdığı pulun bir neçə qatı müqabilində gəlir əldə edirdi. Pul vəsaitləri onun və qrup rəhbərinin kartında toplanırdı.
 
Daha sonra həmin kartlardan qalib gələn şəxsin kartına ödəniş edilib. Yəni iyul ayının 5-də 500 manat yatırım etmiş şəxs avqust ayının 5-də 2500 manat pul götürürdü. Bu məqsədlə iştirakçıların pulundan müəyyən qədərini kəsib depozit hesaba yatırırdı. Depozit pullar onun bank kartı hesablarında yığılırdı. Misal üçün iyul ayının 5-nə kimi qoşulmuş və 180 manat yatırım etmiş şəxs 1440 manat deyil 900 manat ödəniş qəbul edirdi, qalan 540 manat isə depozit hesaba yatırılırdı. Depozit hesabdan isə iyul ayının 5-dən sonra 5 qat ödəniş qazanmaq adı ilə yatırım etmiş şəxsə verilirdi.
 
Əsasən qadınlardan ibarət olan zərərçəkənlər məcbur qalıb DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ediblər və Tənzilə Kərimova barədə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində "polis nəzarətinə altına verilmə" qətimkan tədbiri seçilib.
 
0