Banklar depozit faizlərini hansı hallarda endirə bilər?

ÖLKƏ
21:58 / 09.10.2024
151

“Banklar depozit faizlərini iki halda endirə bilər”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, banklar depozitlər üzrə faizləri o zaman endirə bilər ki, ya başqa mənbələrdən maliyyə vəsaitləri çoxdur, yəni depozitə ehtiyacları azdır, ya da kredit verməyə müştəri tapmırlar:

“Yəni artıq likvidlikləri var və bilmirlər ki, pullarını nə etsinlər. İndiki şəraitdə bankların depozit faizlərini endirməsi gözlənilmir. Çünki ölkədə fəaliyyət göstərən əksər banklarda vəziyət heç də yaxşı deyil. Yəni onlar xaricdən bir qayda olaraq kredit götürə bilmirlər. Səhmdarlar vəsait qoymurlar və bütün bunlarla yanaşı, Mərkəzi Bankdan da kredit götürmək onlara heç də asan başa gəlmir. Buna görə də onların əsas maliyyə mənbəyi elə depozitlərdir”.

Ə.Həsənov həmçinin uçot dərəcəsinin kredit faizlərinə mümkün təsirindən də danışıb: “Banklar Mərkəzi Bankdan ucuz kredit götürür və vətəndaşlara kreditlər verirlər. Ona görə də faiz endiriləndə uyğun olaraq kredit faizləri də düşməlidir. Çünki bu halda pul həcmi arta bilir və Mərkəzi Bank inflyasiyanın olmasından qorxmur. Yəni bu, nəzəriyyədə belədir. Lakin təcrübədə belə olmur. Bizdə Mərkəzi Bankdan kredit götürmək elə də asan deyil. Əksər banklar, ümumiyyətlə, AMB-dən kredit götürə bilmir. Bu səbəbdən də faizin enib-qalxması onlar üçün heç nəyi dəyişmir”. 

Mütəxəssis əlavə edib ki, Azərbaycanda qiymətlər daha çox idxal malları ilə həll olunur: “Biz malların çoxunu xaricdən gətirdiyimiz üçün Mərkəzi Bankın uçot dərəcəsi qiymətlərə təsir etmir".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

Bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.

0