Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır.
HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.
2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən müvafiq sahədə beynəlxalq şirkətlərlə müqavilələrin bağlanılması və layihə sənədlərinin hazırlanması, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində bir pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, eyni zamanda yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatında aktiv istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının emalı və təkrar istifadəyə cəlb edilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb olunması planlaşdırılır.
Azərbaycan əhalisinin içməli su ilə təmin edilməsi üçün ölkə üzrə 28,4 kubmetr/saniyə (894 milyon kubmetr/il) su tələb olunur. Lakin faktiki olaraq mərkəzləşdirilmiş formada xidmət göstərilən yaşayış məntəqələrinə mövcud içməli su mənbələrindən 21 kubmetr/saniyə (662 milyon kubmetr/il) su verilir. Bu sahədə mövcud su itkilərinin 37 % (7,77 kubmetr/saniyə) təşkil etməsi səbəbindən 13,23 kubmetr/saniyə su əhalinin istehlakına sərf olunur ki, bu da normativ tələblərdən 53,5 % (15,2 kubmetr/saniyə) azdır.