Alimdən nazirə müraciət: "AAK sisteminə daxil olan jurnalların əksəriyyəti pulla dərc edir..."

ÖLKƏ
14:55 / 19.10.2024
199

Bir konfransa dəvət etdilər, mövzu Qarabağ və Qərbi Azərbaycanla bağlıdır. Üç gün bütün sənədləri ortaya töküb yaxşı bir məqalə-çıxış hazırladım. Arxiv sənədləri, tərcümə və redaktə ilə birlikdə üstümə 100 manata gəldi çıxdı. Göndərdim. Fikirləşdim ki, yaxşı bir çıxış edərəm. Və...

Bu da əziyyətimin nəticəsi...

55 manat da ödəməliyəm ki, məqalə dərc edilsin. Cənab Elm və Təhsil naziri də deyir ölkədə alim tanımıram. Necə tanıyasınız ki, cənab nazir hər bir məqaləni dərc etmək üçün bizdən pul istəyirlər, konfransda çıxış etmək üçün pul istəyirlər... Anlayın bizi xahiş edirəm. Bizim maddi imkanımız yoxdur tanınmaq üçün...

Başa düşürəm kitabın çapı və sairə xərc tələb edir. Amma bizə ayrılan maaş ilə hər dəfə belə etsək ailəmiz necə dolansın? 

Azərbaycan həqiqətlərini dərc etmək və danışmaq üçün hələ bizimkilər bu qədər istəyir, görün xaricilər nələr tələb edirlər?

Erməni xaçının alban xaçkarlarından tamam ayrı olmasını isbat edəcək və bir neçə ekspert rəyi ilə hazırladığım ingilis dilində məqalə ( qeyd edim ekspertlərə pul ödəyirəm) Scopus bazasında indeksləşən jurnalda dərc edilməsi üçün 600 dollar pul istəyir. Mən ekspertə pul verim, məqalə dərcinə pul verim, ailəmi saxlayım....Axı 638 manat maaşla bu mümkün deyil axı cənab nazir... Məcburam məqaləni dərc etməyəm, buna görə də Sizlər alimləri tanımırsınız. Bunda da haqlısınız. Xaricdə nüfuzlu jurnallarda dərc edilməyən alim necə tanınsın axı... Tamamilə doğru deyirsiniz...

Ancaq bunu da başa düşün, axı  638 manat maaş alan alim öz ailəsini saxlamağı seçir. İndi deyəcəksiniz pulsuz jurnallar da var. Razıyam, var. Zəhmət olmasa bunlarla əlaqə qurun və xahiş edin ki, Azərbaycan alimləri böcəkdən, cücədən, sevgidən və eşqdən əlavə milli yönümdə erməni məsələsi, tarix də, siyasət də, ədəbiyyatda, dilçilik də tədqiq edir, onların da məqalələrini dərc edin. 

Cənab nazir o gün çıxışda deyir ki, alimlərin diplomlarının olması onların alim olması demək deyil. Çox düzgün deyib. Bu sözünüzə görə əsl alimlər adından sizə təşəkkür edirəm. Hiss edirik ki, siz nələrisə ciddi dəyişmək istəyirsiniz. Yanınızdayıq.

Amma zəhmət olmasa cənab nazir, Ali Attestasiya Komissiyasına sorğu göndərin, deputat, nazir, məmur və yüksək vəzifəli digər şəxslərin elmi işlərini araşdırın. Çağırın sadəcə bir müsahibə edin onlarla mövzu barədə. Suallara cavab versələr mövzuları barədə demək diplomlarını özləri alıblar... Soruşun diplom almaq üçün təqdim etdikləri məqalələri hansı jurnallarda dərc edilib? Heç olmasa "öz" məqalələrinin dərc edildiyi jurnalların adını bilsələr bu böyük iş olacaq hətta...

Cənab nazir, anlayıram, siz elm adamı deyilsiniz. Yaxşı təhsilli bir şəxsiniz. İstəyirsiniz ki, elm inkişaf eləsin təhsillə bərabər. İnanın bu addımınıza görə minnətdaram sizə. Amma real dünya, real alim həyatı və real şərtlər başqa cürədir.

Cənab nazir, mən sizi gənclik illərindən tanıyıram. Bir neçə dəfə bir yerdə oturub çay içmişik, o zamandan bilirəm ki, siz öz əziyyətiniz ilə təhsil ardınca gedib zəhmət çəkmisiniz. Bax indi o əziyyəti çəkən şəxs bilməlidir ki, biz indi hansı vəziyyətdə əziyyətlər çəkirik..

Ölkədə dərc edilən və AAK sisteminə daxil olan jurnalların əksəriyyəti pulnan dərc edir. Xarici jurnalar ictimai və humanitar sahədə olan məqalələrdən pul tələb edirlər. Rəsmi saytlarında da qiymətləri yazırlar. Pulsuz olan jurnallar isə aylar, illər çəkir. Göndərəndən sonra bir il keçir və cavab verilər standartlara uyğun deyil. O standartlar isə erməniyə dəymə, tarixini yazma, Azərbaycanı haqlı çıxarma deməkdir. 

Ya mən vətən xaini olmalıyam ki, dərc edilib H indeksim yüksək olsun. Ya da dərc edilməyib heç kimin tanımadığı şəxslərdən biri olmalıyam.. Təsəvvür edin bizim halımızı .

Cənab nazir, maaşımız az, yerli jurnallar pulnlu, xarici jurnallar pullu. Arxiv sənədləri pulnan, konfransda çıxış etmək pulnan...

Necə edək?

Alim kimi kreditə girib dərc edib yazaq yoxsa ailəmizi ac saxlayaq? Çıxış yolu nədir?

Ölkədə dərc edilən jurnalda dövlət maliyyə ayırsın ki, pulsuz dərc edilsin alimlər. Heç olmasa, 2 aydan bir dərc edilə bilsinlər. Onların saytları yaradılsın ən azı ingilis dilində. Bundan sonra bizə istinad verənlərin sayları çoxalar ki, H indeks yüksəlsin...

Alimlərin elmi əsərlərini qonorar hesabına çapına dəstək olun. Alimlər kitab yazırlar və qapı qapı düşüb özləri satmağa cəhd edirlər. Amma 60 faizi əllərdə qalır. Heç olmasa kitabı dərc edilən alimə normal qonorar verilsin ki, o yenidən motivasiya qazanıb yeni yeni elmi əsərlər yaza bilsin. Xarici jurnallar ilə danışıqlar aparın ki, bizə limit versinlər pulsuz çap üçün (əlbətdə keyfiyyətli və Azərbaycan həqiqətlərinin peşəkar yazıldığı məqalə ilə ) 
Alimlərin maaşını artırılması üçün hökumət qarşısında təşəbbüs qaldırın..Belə bahalı həyatda yaşamaq çox çətinləşib. Maaş o qədər aşağıdır ki, məcburuq gedək əlavə işlər görək, fəhləlik edək, taksi sürək, yaxud digər işlərlə məşğul olaq eyni zamanda. Necə yaşamaq uğrunda mübarizə aparan alim hansı elmi nəticə verə bilər axı...

Bizim günahımız nədir ki, ölkədə ən aşağı maaş bizə verilir. ALİM inanın Bolt sürücüsünün bir ayda qazandığın 40 faizini maaş kimi alır. Bu günah deyimi ? Alimə bu cürə aşağı maaş vermək? Axı alim olmasa elm olmaz, təhsil olmaz, qaranlıq olar hər yer. Təşəbbüs qaldırın, alimlərin maaş heç olmasa 100 faiz qaldırılsın ki, biz də ayda heç olmasa min manat ala bilək.

Ali Attestasiya Komissiyasının həddən çox lazımsız sənəd və tələbləri minimum vəziyyətə salınsın. Bu sənədlər də kifayət qədər xərc tələb edir. Elektron hökumət dövründə bu qədər kağız sənədə niyə pul xərcləməlidir alimlər...

Elmlər doktoru adı almaq üçün eyni proseslər olmasın fəlsəfə doktorunda olduğu kimi.. Ya Avropada və çox ölkədə olmayan elmlər doktoru elmi dərəcəsini ləğv edin ya da proses tamam başqa cürə olsun. Kitab, məqalə və konfranslarda çıxışlara görə verilsin bu ad. Yoxsa fəlsəfə doktoru prosesi ilə elmlər doktoru prosesi eyni bürokratik sənədlər və istiqamətdə olması səbəbindən ciddi elmi tədqiqat işləri aparılmır ölkədə..
Alimlər üçün güzəştli kredit imkanları olsun ki, heç olmasa xarici konfranslara dövlət yardım etməsə də, öz hesablarına gedə bilsinlər....

Zaur Əliyev
Dosent

 

0