Növbə universitetlərdə: Müəllim və tələbələri nə gözləyir?

ÖLKƏ
15:55 / 20.10.2024
160
Milli Məclisin Elm və Təhsil Komitəsi, deputatlar tərəfindən "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsi aparılır. 
 
Belə ki, qanunun yaxın müddətdə qəbul olunacağı qeyd edilir. 
 
Qanun layihəsində universitetlərlə bağlı hansı yeniliklərin öz əksini tapdığı ictimaiyyətə hələ tam məlum deyil. Lakin hazırda ali təhsil müəssisələrində tədrisin keyfiyyəti, bəzi ixtisasların əmək bazarının tələblərinə cavab verməməsi kimi məsələlər müzakirə mövzusudur. 
 
Bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, kadr hazırlığında bəzi sahələrdə bakalavr və magistr üzrə ayrı-ayrı ixtisasların müəyyənləşdirilməsinə ehtiyac duyulmur:
 
"Məsələn, tibb təhsilini nümunə gətirə bilərəm. Dünyanın heç bir yerində bu, bakalavr və magistr formasında bölünmür. Heç də məcburiyyət yoxdur ki, bütün ixtisasları bakalavr və magistra bölək. Yeni sahə yarananda, mütləq qaydada onun üçün yeni ixtisas yaratmağa ehtiyac yoxdur. Bəzən təklif edirlər ki, yaşıl iqtisadiyyat ixtisası yaradaq. İqtisadiyyatı oxuyan adam sonra istəsə, bu sahədə məşğul ola bilər". 
 
Bu da bir faktdır ki, ali təhsil müəssisələrini başa vuran məzunların heç də hamısı keyfiyyətli kadr kimi yetişmir. 
 
Beləliklə, bu gün universitetlərdə ixtisaslarla yanaşı, savadlı kadr potensialı problemi də özünü göstərir. Ali təhsil haqqında yeni layihədə  bu kimi problemlər öz həllini tapacaqmı? 
 
"Universitetlərə qəbul mexanizmi dəyişdirilməlidir”
 
Təhsil üzrə ekspert Vüsal Kərimli "Cümhuriyət” qəzetinə bildirib ki, bu gün önəmli məsələlərdən biri "Ali təhsil haqqında” qanun layihəsinin ictimai müzakirəyə təqdim edilməməsidir: 
 
"Mən bununla bağlı müraciət etmişəm ki, hansı dəyişikliklərin olacağını bilməliyik. Qanunda nələr olmalıdır? Ən önəmlisi universitetlərə qəbul prosesinin mexanizminin dəyişdirilməsi öz əksini tapmalıdır. Daha sonra universitetlərin maliyyələşməsi məsələsi, qəbul planının təsdiq edilməsi kimi məsələlərlə bağlı universitetlərə sərbəstlik verilməlidir. 
 
"Ali təhsil haqqında” qanun layihəsi ixtisaslarla bağlı heç nə demir. İxtisaslar günün əmək bazarının tələblərinə uyğunlaşdırılıb müəyyən edilməlidir. 
 
Planlama aparılmalı və müəyyənləşməlidir ki, yaxın 5-10 ildə hansı ixtisaslara tələb olacaq və yaxud olmayacaq. Bəzi ixtisaslar var ki, onların saxlanılması, davam etdirilməsi lazımsızdır, müasir ixtisaslar açmalıyıq. Əmək bazarında tələb olmayan ixtisasları isə zamanla sıradan çıxartmalıyıq. 
 
Universitetlərə təhsil proqramlarının yenilənməsində 30 faiz sərbəstlik verilir. Bu faizi çoxaltmaq lazımdır ki, universitetlər özləri əmək bazarının tələblərinə uyğun olaraq davamlı şəkildə yenilikləri tətbiq edə bilsinlər”. 
 
51 universitetə cəmi 1,8 milyon manat
 
Ekspert deyib ki, universitetlər Elm və Təhsil Nazirliyi  tərəfindən qəbul edilmiş standartlarla çalışırlar:
 
"İkinci məsələ odur ki, ali təhsil müəssisələrinin maliyyələşməsi gündəmdə olmalıdır. Əgər bir universitetdən təhsil gözləyirsinizsə, ona yatırım qoymalısınız. Laboratoriyaların qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması, müəllimlərə daha yüksək əməkhaqqı verilməsi üçün universitetlərə maliyyə yardımı olmalıdır. Bu ilin təhsil büdcəsində 51 universitetə cəmi 1 milyon 800 min manat civarında vəsait ayrılır. 
 
Məbləğ çox azdır. Dövlət də universitetlərə maddi yardım etməlidir. Əgər biz universitetdə, məsələn, kimya üzrə təhsil alırıqsa, simulyativ laboratoriyalar və yaxud kompüter üzrə simulyativ proqramlar olmalıdır. O avadanlıqlar hədsiz bahadır. 
 
Eyni zamanda, o sahədə peşəkar müəllimləri cəlb edilməlidir. Əgər İKT mütəxəssisi kimi əmək bazarında 4-10 min manata kimi maaş alırsa, gəlib universitetdə 700-800 manata işləməkdə maraqlı olarmı? Olmayacaq. Rəqabətlilik əsasında universitetlərə pul ayrılmalıdır. Biz hər şeyi təhsil haqqı ilə ölçürük. Əgər keyfiyyətli kadr istəyirsizsə, təhsilin inkişafına normal vəsait ayrılmalıdır. Auditoriyada dərs keçən müəllimin əməkhaqqı yaxşı deyilsə, o zaman keyfiyyətdən danışmayaq”. 
 
Universitet müəllimlərinə də imtahan?
 
Universitet müəllimlərinin sertifikasiyaya cəlbinə gəldikdə isə ekspert bildirib ki, ali təhsil müəssisələrində çalışan müəllim heyətinin sertifikatlaşması dünya ölkələrində yoxdur: 
 
"Bu birbaşa universitetin özünün səlahiyyətində olan işdir ki, hər bir müəllimini uyğun ixtisaslaşmalara, təlimlərə cəlb etsin, beynəlxalq sertifikat almağa təşviq etsin. Əməkhaqqının diferensiallaşmasında da bir komponent olaraq buna diqqət yetirsin. Ancaq universitet müəllimlərinin sertifikasiyaya cəlb olunması mümkünsüzdür. 
 
Çünki Elm və Təhsil Nazirliyinin, digər nazirliklərin tabeliyində olan universitetlər, xüsusi təyinatlı ali təhsil müəssisələri və nəhayət, özəl universitetlər var. Bu gün ETN özəl orta məktəblərin müəllimlərini sertifikasiyaya cəlb edə bilirmi? Xeyr. Yalnız öz balansında olanları prosesə cəlb edir. Birmənalı olaraq universitet müəllimlərinin sertifikasiyaya cəlbi müzakirə mövzusu deyil”. 
 
Millət vəkili Ceyhun Məmmədov da açıqlamasında bildirib ki, universitetlərdə sertifikatlaşdırma prosesinin keçirilməsi ilə bağlı elə bir plan yoxdur:
 
"Hesab edirəm ki, ona ehtiyac da yoxdur. Çünki universitetlərdə bunun üçün lazım olan işlər görülür. 
 
Müəllimlərin işə, vəzifəyə qəbulu lazım olan qaydada həyata keçirilir. Ali məktəblərin müəllimlərinin sertifikasiyaya cəlb edilməsinə ehtiyac yoxdur. Biz əslində sertifikasiyanı təşkil etməyə məcbur oluruq. Ancaq bunun ali məktəbə tətbiq edilməsinə ehtiyac görmürəm. Çünki bu bizə əlavə problemlər yaradacaq. 
 
Onsuzda müəllimlər seçilərək, araşdırılaraq işə götürülür. Ona görə burada başqa bir əlavə imtahanın keçirilməsinə ehtiyac yoxdur”. 
 
0