Sürürlər, atıb gedirlər - "40 manat cərimə deməkdir"

ÖLKƏ
17:33 / 20.10.2024
136
Velosiped yollarının salınması və ondan istifadənin artması müsbət tərəfləri ilə yanaşı, özü ilə müəyyən problemlər də gətirir. İnsanlar bu vasitələri ya dayanacaqdan kənarda, ya da elə parklanma məntəqəsinin yaxınlığında səliqəsiz şəkildə atıb gedirlər. Nəticədə həm avtomobillərin hərəkətinə təhlükə yaranır, həm də piyadalara. 
 
Velosiped təlimçisi Səhər Mehman da belə hallarla tez-tez qarşılaşır. Onun sözlərinə görə, istifadəçilər tək özlərini yox, həm də digərlərini düşünməlidirlər: "Həm velosipedlərlə, həm də skuterlərlə bağlı belə vəziyyət mövcuddur. Bir çox hallarda istifadə edib necə gəldi atıb gedirlər. Bu hal insanların hərəkətinə də maneə törədir. Əlil arabasında olan şəxs, uşaq arabası ilə hərəkət edən xanım onu necə qaldırıb kənara qoysun? Bu vasitələr həyatımızı asanlaşdırmaq üçündür. Elə etmək lazımdır ki, bizim hər hansı hərəkətimiz digər insanlar üçün maneçilik yaratmasın”. 
 
S.Mehmanın fikrincə, bu məsələ ilə bağlı nəzarət də, cərimə də mütləqdir: "Təklif edərdim ki, mikromobillik vasitəsini parklanma nöqtəsinə səliqəli şəkildə yerləşdirməyən vətəndaşın balansından müəyyən məbləğ çıxılsın. Belə olarsa, insanlar bu hərəkətləri etməkdən çəkinəcəklər”. 
 
Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə düşünür ki, ölkəmizdə mikromobillik vasitələrinə kütləvi keçid yenidir: "Mikromobillik şəhər nəqliyyatında son aylarda ayrılmış velozolaq şəbəkəsindən sonra təsdiqini tapdı. Buna qədər isə velosiped və skuter yalnız Dənizkənarı Milli Parkın ərazisində əyləncə vasitəsi kimi istifadə olunurdu. Bu ildən başlayaraq velozolaq şəbəkəsi yaradılır. Bu da velosiped istifadəçilərinin sayının artmasına səbəb olacaq. Hazırda şəbəkə çəkilib, dayanacaqlar təşkil edilib, icarəçi şirkətlər varsa, düşünürəm ki, bu şəbəkə daha da genişlənəcək. Azərbaycanda velosiped ənənəsinin formalaşması üçün şərait yaradılmalıdır. Ciddi maarifləndirməyə, təbliğata ehtiyac var. Zolaqlara nəzarət də mütləqdir. Zolaq olmadan istifadəçi sayını artıra bilmərik. Mərhələli şəkildə artım olacaq. Kütləviləşdikdən sonra ehtiyac yaranarsa, bu zaman müəyyən tədbirlər görülməsi düşünülə bilər”.  
 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov bildirdi ki, əvvəllər qanunvericilikdə bununla bağlı hər hansı bir tələb mövcud deyildi. Amma artıq qanunvericilik tənzimlənib: "Burada bir çox məsələlər göstərilib. Kiçik elektrikli nəqliyyat vasitələrinin konkret parklanma yerləri olmalıdır. Yolun hərəkət hissəsinə, yaxud səkilərə tərk edilməməlidir. Yol nişanlarına da diqqət etməlidirlər. Əgər buna əməl etməsələr, 40 manat cərimə deməkdir”. 
 
C.Məmmədov AYNA tərəfindən görülən işlərdən də bəhs etdi: "Mikromobillik vasitələri AYNA tərəfindən müəyyən edilmiş yerlərdə parklanmalıdır. Operatorlar kiçik elektrikli nəqliyyat vasitələrinin dayanacaqda park edilməsinə nəzarət etməlidirlər. Bununla bağlı operatorlarla mütəmadi görüşlər keçirilib və onlar məlumatlandırılıb. Düzgün park edilməyən skuterlər həm piyadalar, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır”.
 
Velosiped kirayəsi şirkətinin icraçı direktoru Əli Əhmədli baş verən bu kimi hallara aydınlıq gətirdi: "Velosipedlərin səkidə və digər dayanacaq olmayan ərazilərdə tərk edilib gedilməsi halları olur. Bəzən hansısa səbəbdən velosiped dayanacağa kimi gəlib çatmadan yolda qalır. Bu, bəzən istifadəçinin vəsaitinin, yaxud uzun müddət yol qət etdikdən sonra akkumulyatorun enerjisinin  bitməsi nəticəsində baş verir. Velosipedlər, əsasən səkidə buraxılır. Yaxud, avtomobil yolunun ən sağ hissəsinə qoyulur. Ola bilir ki, velosipedlər dayanacaqda yolun kənarında saxlanılır. Yoldan keçən şəxslər tərəfindən kənara qoyula, həmçinin küləyin təsiri ilə aşa bilər. Bu zaman yol hissəsinə çıxması mümkündür”.  
 
Ə.Əhmədlinin sözlərinə görə, velosipedlərə əməkdaşlar tərəfindən nəzarət olunur: "Ərazi operatorlarımız proqram ilə velosipedlərin faktiki dayandığı nöqtəni görürlər. Velosiped dayanacaqdan kənar bir yerdədirsə, o bizim əməkdaşlar tərəfindən dayanacağa aparılır. Elektrikli velosiped olduqda isə onun akkumulyatorunu dəyişirlər, texniki parametrlərinə baxırlar. Hər hansı bir texniki qüsur mövcud olmadıqda, velosiped digər müştərilərin istifadəsi üçün hazır olur. Hər məntəqə səliqəyə salındıqdan sonra əməkdaşlar məntəqədən fotolar çəkib göndərirlər”. 
 
Direktor bildirdi ki, bəzən velosipedlər insanlar tərəfindən "vandalizmə” məruz qalır: "Hələlik onlara avtomobillər tərəfindən xəsarət halı qeydə alınmasa da, insanlar tərəfindən belə hallarla üzləşirik. Oturacaqların üzərini yandırmaq, velosipedin ekranını cızmaq, siqnalın oğurlanması, bəzi hissələrin qəsdən qırılaraq çıxarılması kimi hallarla qarşılaşmışıq. Parklanma nöqtələrimizin əksəriyyəti kamera nəzarəti olan yerlərdədir. Qanunvericiliyə əsasən, həmin şəxslər araşdırılıb və cəzalandırılıb. Hər bir hadisəni araşdırırıq və müəyyənləşdiririk ki, bu qəsdən edilib, yoxsa istifadə zamanı baş verən problemdir. Əksər hallarda istifadə zamanı belə hallar olur. Bu da adətən velosipedi idarə edən istifadəçinin təcrübəsizliyindən irəli gəlir. Amma insanları da qınaya bilmərik. Çünki mikromobillik vasitələri hər kəs üçün yenidir. Təcrübə qazanmaq üçün ancaq sürərək öyrənə bilərlər. Bu müddət ərzində baş verə biləcək bütün problemləri normal qəbul edirik”. 
Müsahibimiz gələcəkdə dayanacaqların, parklanma nöqtələrinin artırılmasını düşündüklərini dedi: "Ümid edirəm ki, gələn ilin mart-aprel aylarına qədər xidmət zonamızı indikindən üç dəfə daha böyük ərazidə reallaşdıracağıq. Buna həm dayanacaqların, həm də velosipedlərin sayının artması daxildir”.
 
Mənbə: "Kaspi" qəzeti
0