Bakının Binəqədi rayonunda iki nəfərin qətlində təqsirləndirilən Arif Bəhərçiyevin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ömürlük cəza verilməsini məhkəməyə təklif edib.
Müdafiə çıxışı üçün söz təqsirləndirilənin vəkilinə verilsə də, buna hazır olmadığı üçün o, məhkəmədən vaxt istədi. Növbəti proses oktyabrın 28-nə təyin edildi.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən iaşə obyektlərindən birində 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin qeyd olunan ərazidə aralarında yaranmış mübahisə zamanı Namiq Orucov və Ramil Səfərova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, qətl yeni il gecəsi kafedə bayram süfrəsi arxasında əyləşən tanışların mübahisəsi zamanı baş verib. Qətli törədən Arif Bəhərçiyev həmin kafenin icarədarının oğludur. Arif Bəhərçiyevin atası və anası həmin kafeni işlədiblər. Arif əvvəlcə anasını döyüb, daha sonra isə mətbəx bıçağı ilə kababçını və onları ayırmağa çalışan Ramil Səfərovu qətlə yetirib.
Hadisəni törədən Arif Bəhərçiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.