Bu gün paytaxt Bakının bir çox ərazilərində leysan xarakterli yağışlar piyada və avtomobil yollarını iflic hala salıb.
Son günlər yağan yağışdan dolayı baş verən subasmalar illərdir həllini gözləyir.
Maraqlıdır, yağış yağan zamanı Bakı niyə iflic olur? Buna səbəb nədir?
Bu barədə Hit.az-a açıqlama verən santexnika üzrə ixtisaslaşmış mütəxəssis Sənan Zülfüqarov deyib ki, bunun ən başlıca səbəbi yağış kollektorlarının çox az sayda olmasıdır:
“Kanalizasiya sistemi qurularkən , tikinti şirkətləri tərəfindən səhvlərə yol verilir. Bəzi ərazilərdə kanalizasiya sistemi normadan artıq yükləndiyi üçün leysan xarakterli yağışlar yağan zaman subasmalar olur. Bəzi yerlərdə isə ümumi kollektora çıxış belə yoxdu. Şəhərin əksər ərazilərində qurulan borular, drenaj sistemləri sovet dövründən qalıb. Hamısı yenilənməlidir. Demək olar ki, çoxunun istismar müddəti bitib.
Problem yaradan digər məsələ isə evlərin, obyektlərin hara gəldi inşa olunması ilə bağlıdır. Bəzi əmlaklar var ki, su, kanalizasiya xətlərinin, kollektorların üzərində inşa olunub. Üzərində beton tökülərək, bağlandığı üçün güclü yağışlarda bu kimi neqativ hallar yaranır”.
Murad