Kombinizin ömrünü uzatmaq istəyiriksə...

ÖLKƏ
14:24 / 03.11.2024
145

Havalar yavaş-yavaş soyuyur. Kombi mövsümü gəlir. Artıq evlərində kombini işə salanlar da var. Bəs bu cihazlar haqqında nələri bilməliyik? Onlara necə qulluq etməliyik? Kombini işə salmazdan öncə etməli olduğumuz hansı vacib məqamlar var?

Kombi satışı ilə məşğul olan Sənan Məhərrəmov bu cihazları alarkən diqqət edilməli məqamları açıqladı: “İnsanlar kombi alarkən esenjoruna diqqət etsinlər. Daxili boruları mis olsa, daha yaxşıdır. Çünki bəzən adi su boruları olur. Təzyiq çox olan zaman, su qızdıqca borular genişlənir və sıradan çıxır. Mis borular isə daha davamlıdır. Dövriyyə motorları daha böyük olan kombilər qaza daha çox qənaət edir. Çünki dövriyyəsi tez getdiyi, motoru güclü olduğu üçün kombi 55 dərəcədə 35 dərəcə dövriyyə ilə hərəkət edir. Amma motor balaca olanda 55 dərəcə ilə çıxan su 25 dərəcə ilə geri qayıdır. Kombilərin qiymətinə gəlincə, hazırda bazarda 650 manatdan 2600 manata qədər olan təkliflər var”. 

Kombi ustası Kamil Əliyevin sözlərinə görə isə kombilərin qiyməti onların keyfiyyətinə görə dəyişir: “İkinci əl kombi işlədən insanlar da var. İşlənməmiş kombilər 1100-1200 manatdırsa, ikinci əl kombi onun yarı qiymətinədir. 1200 manatlıq kombini 400 manata da tapmaq mümkündür. İkinci əl kombinin əgər bütün detalları normal çalışırsa, heç bir təhlükəsi yoxdur. Ucuz kombilər keyfiyyət cəhətdən daha aşağı olur. Məsələn, elə orijinal kombi var ki, 15 il problemsiz işləyir. Amma ucuz olanlar 5-6 ildən sonra xarab olmağa başlayırlar. Ucuz kombilərin daha az qaz sərf etdiyi deyilir. Amma elə deyil. Çünki bütün detallar, funksiyalar eynidir. Ancaq elə kombi olur ki, aşağı təzyiqlə də işləyə bilir”.  

Ustanın fikrincə, kombi tez-tez xarab olursa, hər dəfə usta çağırmaq əvəzinə, dəyişmək daha münasibdir: “Hər detalın istifadə müddəti var. Artıq xarab olduqda dəyişilməlidir. Konkret “kombi bu qiymətə təmir olunur” demək çətindir. Təmir xərci 30-40 manat da ola bilər, 200-300 manat da. Bu, daha çox hansı detalın sıradan çıxmasından asılıdır. Kombi 10 il heç bir problemsiz işləyə bilər. Amma tez-tez xarab olmağa başladısa, köhnəlmiş hesab olunur. O halda yenisini almaq daha məsləhətlidir. Bəzən yeni kombi alanda 40-50 litr antifriz tökürlər. Bu zaman kombinin ömrü daha da uzanır. Çünki paslanma vermir. Amma yalnız yeni sistem olmalıdır”. 

K.Əliyev bildirdi ki, kombini ildə bir dəfə yumaq lazımdır: “Çünki suyun ərpindən asılı olaraq daşlaşa bilər. Qışda yumaq o qədər də əlverişli deyil. Kombi bütün qışı işlədikdən sonra onu aparat vasitəsilə və dərmanla yumalıyıq. Təzyiqini də vurduqdan sonra gələn qış mövsümü üçün hazır vəziyyətə gətiririk. Amma bizdə kombilər ildə bir dəfə yuyulmur. Ən tez üç ildə bir dəfə yuduzdururlar. Sonra tutulmalar baş verir, radiatorda dövriyyə kəsilir. İçindəki dövriyyə nasosu tutulur, su qatılaşır, çirklənir. Hətta elə adamlar var ki, kombisini 10 ildir yumur və hazırda aparat işləmir. İşləməsi üçün ona xidmət olunmalıdır. Kombinin yuyulma prosesini aparat olmadan insanlar özü edə bilməz. Yalnız kombinin içindəki suyu boşaldaraq yeni su doldura bilərlər. Yuyulma sistemi ən çox radiatorlar üçün vacibdir. Onların içində maksimum üç litr su var. Çünki su ötürücülər çox nazikdir. Uzun müddət yuyulmadıqda onlar tutulurlar. Beləliklə, radiator normal qızdıra bilmir”. 

Müsahibimiz kombinin saxlanma şəraitindən də danışdı: “Kombini balkonda şkafda saxlamaq lazımdır. Çünki bu cihazlar çöldəki tozdan da xarab ola bilir. Kombi söndükdə, əgər hava şaxtalı olarsa, içində su donur, belə olan halda bəzi detallar partlayır. Bu səbəbdən qapalı yerdə olması daha yaxşıdır. Kombinin yeri quru olmalı, nəm çəkməməli, ora yağış düşməməlidir”. 

Mütəxəssisin fikrincə, kombidə təhlükə azdır: “Çünki ağıllı cihazdır. Hər hansı bir problem baş verdikdə özü avtomatik olaraq sönür. Boruları da çöldə yerləşdiyi üçün təhlükəsizdir. Kombidə hava çatışmazlığı, zəhərli qaz olsa, avtomatik özünü bloklayır. Kombi heç vaxt qaz buraxmır. Sızıntı olsa dərhal sönür”. 

K.Əliyevin sözlərinə görə, bəzən insanlar kombini hər gün söndürüb yandırırlar. Amma bu, düzgün deyil. Kombini tez-tez söndürmək olmaz: “Sadəcə, evdə olmadıqda dərəcəsini azaltmaq olar. İnsanlar elə bilir ki, bununla qənaət etmiş olurlar. Amma əslində soyuyan evin yenidən qızması daha böyük enerji tələb edir. Çalışsınlar, evin temperaturunu hər zaman qoruyub saxlasınlar. Ən doğru variant kombinin qış boyu davamlı yanmasıdır. Kombini qoşduqda yalnız təzyiqinə baxmaq lazımdır. Təzyiq 1,5-2 arasında olmalıdır. Əgər təzyiq aşağı düşərsə, cihaz avtomatik özünü söndürür”. 

Usta vətəndaşların kombi ilə bağlı ən çox şikayət etdiyi mövzuya da aydınlıq gətirdi: “Yay rejimində kombini söndürürlər. İşlətmədikdə radiatoru bağlamaq olar. Dövriyyəni kəsməyin kombi üçün heç bir mənfi tərəfi yoxdur. Yalnız isti və soyuq su üçün istifadə edirsən. Bəzən insanlar yay rejimində suyun tez-tez soyumasından şikayət edirlər. Amma onun işləmə mexanizmini bilmirlər. Su qaynar gəldikdə soyuq suya doğru çevirirlər. Lakin belə olduqda təzyiq azalır və kombinin içərisində qaynama prosesi baş verir. Qaynama olduqda kombi avtomatik sönür və su soyuyur. Bu hal baş verməməsi üçün temperaturu kombi üzərindən nizamlamaq lazımdır. Suqızdırıcı cihazlardakı kimi tənzimləmək olmaz. Krant yalnız bir istiqamətdə işləməlidir”. ("Kaspi" qəzeti)

0